Uzunömürlülük üzrə ekspert David Sespedes yumurtanın beyin fəaliyyətində mühüm rol oynadığını bildirib.
Bizim.Media xəbər verir ki, ekspert ömrün sonuna qədər hər gün qidalanma rasionuna dörd yumurta daxil etməyi tövsiyə edib. Bu barədə “20minutos” nəşri məlumat yayıb.
Sespedesin sözlərinə görə, yumurtanın tərkibindəki zülal orqanizm tərəfindən digər zülallarla müqayisədə daha yaxşı mənimsənilir. O, yalnız yumurta ağını yeməyə üstünlük verənlərin diqqətinə çatdırıb ki, yumurtanı bütöv şəkildə istehlak etmək daha faydalıdır.
Ekspert qeyd edib ki, yumurta ağı antimikrob xüsusiyyətlərə malikdir, bütün zəruri amin turşularını ehtiva edir və immun sisteminin qorunmasına kömək edir. Sarısı isə beyin fəaliyyəti üçün vacib olan asetilxolin neyromediatorunun istehsalında iştirak edən xolinlə zəngindir.
Sespedes əlavə edib ki, hazırda yumurtanın qanda xolesterinin səviyyəsinə və ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərdiyini təsdiqləyən sübutlar yoxdur.
Qeyd edək ki, daha əvvəl psixiatr Xavyer Kintero da yumurtanı beyin üçün ideal qida adlandırmışdı.
Bizim.Media