Türkiyədə son günlərdə Azərbaycana qarşı nümayiş etdirilən münasibət, aparılan qarayaxma kampaniyası əslində çox mətləblərdən xəbər verir. Belə ki, Azərbaycanda vahid məktəbli formasının tətbiqini bəhanə edərək ölkəmizi hədəfə almaq, dini azadlıqlar üzərindən manipulyasiya aparmaq, cəmiyyətə Azərbaycanda guya müsəlmanlara qarşı kampaniya başladıldığı mesajını ötürmək lazım gələndə rəsmilərdən mətbuata, QHT-lərdən sosial şəbəkələrə qədər sürətli “səfərbərlik” elan olundu.
Ancaq nə qəribədir ki, bu güclərin İran məsələsində dili-ağzı bağlanır. İranda milyonlarla türk yaşayır. Onların ana dilində təhsil almaq imkanları onilliklərdir məhdudlaşdırılır. Bəs özünü Türk dünyasının lideri kimi təqdim edən Türkiyənin bəzi siyasi dairələri həmin türklərin hüquqları uğrunda səslərini ucaldıblarmı?
“Tractor” FC-dan tarixi mesaj
Cənubi Azərbaycan türklərinin, doğma Təbrizin futbol klubu “Tractor”un sosial şəbəkə hesabındakı paylaşımı bu mənada xüsusi diqqət çəkir:
“Müsəlman bir ölkədə hicab qadağası olmaz, amma türk düşmənliyi ola bilər! İranda 40 milyona yaxın türk var, amma 100 ildən çoxdur məktəblərdə Türk dilində təhsil qadağan edilib, heç kim öz dilində danışa bilməz. Heç kim övladına türk adı qoya bilməz. Heç kim şirkətinə, mağazasına türk adı verə bilməz. Sadəcə farsca və ərəbcə keçərlidir. Prezidentin belə öz dilində danışmasına zorla icazə verilir.
Amma Azərbaycanda bir həftədir “hicab qadağası var” deyərək hamınız öz qardaşlarınıza düşmən oldunuz. Lakin 100 ildir İranda müsəlman türklərə qarşı edilən assimilyasiyaya səsiniz çıxmır. Madam ki, müsəlmanların hüquqları sizin üçün çox önəmlidir, insanlıqdan çox dəm vurursunuz, bəs buradakı insanlar müsəlman deyil? Mövzu İran olanda niyə susursunuz?”
İranda türklərin ana dili problemi dünən yaranmayıb...
Qeyd edək ki, 1925-ci ildə Pəhləvilər hakimiyyətə gəldikdən sonra güclənən mərkəzləşdirilmiş farslaşdırma siyasəti qeyri-fars xalqların dil və mədəniyyət hüquqlarına ciddi zərbə vurub. Sonrakı dövrlərdə də Azərbaycan türkcəsinin təhsil sistemindəki mövqeyi məhdud olaraq qalıb. İran Konstitusiyasının 15-ci maddəsi regional və tayfa dillərinin məktəblərdə ədəbiyyatının tədrisinə imkan versə də, türkcədə tamhüquqlu məktəb təhsilinin təmin edilməsi məsələsi həllini tapmayıb.
İndi sual yaranır: Türkiyə İranda yaşayan türklərin ana dilində təhsil almaq hüququ uğrunda niyə eyni həssaslığı nümayiş etdirmir? Niyə uşaqların öz ana dilində təhsil alması məsələsi Türkiyədəki bəzi siyasətçilərin gündəmində Azərbaycandakı məktəbli forması qədər yer tutmur?
Əgər həqiqətən türkün hüququnu müdafiə etmək istəyirsinizsə, ilk növbədə İranda türkün ana dilinə münasibətə baxın. Türklərin öz dillərində təhsil almaq imkanları məhdudlaşdırılarkən susub, Azərbaycanda məktəblərin geyim qaydaları ilə bağlı məsələni qalmaqala çevirmək hansı mənəvi və siyasi məntiqə sığır?
Türk dünyasının “liderliyi” İran mollalarının ideologiyasına qurban verilir
Daha ciddi sual isə budur: Özünü Türk dünyasının lideri kimi təqdim edən Türkiyənin bəzi siyasi dairələri niyə Azərbaycan məsələsində İranın teokratik dairələrinin ritorikasına bu qədər yaxın mövqe nümayiş etdirirlər?
Azərbaycanda məktəbli forması ilə bağlı qaydaları tənqid etmək, hicab məsələsini qabardaraq ölkəmizi dini azadlıqları pozmaqda ittiham etmək, üstəlik, bu mövzunu siyasi təzyiq vasitəsinə çevirməyi yaxşı bacarırlar. Amma düşünmürlər ki, məktəblərin dünyəvi təhsil prinsipləri əsasında fəaliyyət göstərməsi ilə dini inancın inkar edilməsi eyni şey deyil. Vahid məktəbli forması da özlüyündə dinə qarşı mübarizə demək deyil.
Azərbaycan öz təhsil siyasətini müəyyən edən müstəqil dövlətdir. Ölkəmiz məktəblərdə nizam-intizamı, bərabərliyi və vahid geyim qaydalarını təmin etməyə çalışırsa, bu qərarların müzakirəsi Azərbaycanın qanunları, cəmiyyətin maraqları və təhsil prinsipləri çərçivəsində aparılmalıdır. Heç bir xarici siyasi dairənin Azərbaycanı öz ideoloji qəliblərinə salmağa ixtiyarı yoxdur.
İranın dini-siyasi dairələrinin Azərbaycanda dini həssaslıqları qızışdırmaq cəhdləri ilə Türkiyədəki bəzi siyasətçilərin apardıqları kampaniya bir medalyonun iki üzüdür. Yəni Türkiyə rəsmiləri İran mollalarının ideologiyasını türklükdən üstün tuturlar.
Azərbaycan heç kimin ideoloji təzyiqini qəbul etməyəcək!
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi bağlara söykənir. Lakin qardaşlıq qarşılıqlı hörmət tələb edir. Yəni Türkiyənin özünü “böyük qardaş” kimi görüb, dini şüarlar və ideoloji təzyiqlər vasitəsilə Azərbaycanın daxili siyasətinə müdaxilə etməyə çalışması qəbuledilməzdir.
Digər tərəfdən, Arazın o tayındakılar da, bu tayındakılar da türkdür, müsəlmandır, bir-birindən ayrı salınmış qardaşlardır. Ona görə də, Türkiyədə Azərbaycanı hədəf almaq üçün sıraya düzülənlər zəhmət çəkib bir suala cavab versinlər:
İranda türkün dili boğulanda niyə susursunuz, Azərbaycanda məktəbli forması müzakirəyə çıxarılanda isə dərhal səsinizi qaldırırsınız?
Əgər dərdiniz türkün, müsəlmanın, şagirdlərin hüquqlarını qorumaqdırsa, onda bu həssaslığı İrana qarşı da göstərin. Yox, əgər məsələ dini ideologiyanı, şəriəti Azərbaycan cəmiyyətinə sırımaqdırsa, bunu açıq deyin. Yoxsa İrandakı türklərin assimilyasiyasına susub, Azərbaycanla hicab davası etmək ikiüzlülükdən başqa bir şey deyil.
Bizim.Media-nın analitik qrupu