Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov kolleclərin müvafiq universitetlərin tərkibinə daxil edilməsinin, digərlərinin isə ləğvinin nəzərdə tutulduğunu bildirib.
Bu dəyişikliklər kollec diplomlarının etibarlılığı, hazırda təhsil alan tələbələrin və subbakalavrların gələcəyi ilə bağlı suallar yaradır.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a danışan təhsil eksperti Elmin Nurinin sözlərinə görə, kollecin və ya universitetin bağlanması həmin müəssisənin qanuni fəaliyyət göstərdiyi dövrdə verdiyi diplomların etibarlılığına təsir etmir:
“Təhsil müəssisəsi müvafiq lisenziya əsasında qanuni fəaliyyət göstərir. Tələbə və məzunların əldə etdikləri diplom yalnız həmin müəssisəyə aid sənəd deyil, dövlət tərəfindən verilən təhsil sənədidir. Diplom təhsil müəssisəsinin qanuni fəaliyyət göstərdiyi dövrə aid olduğu üçün etibarlı sayılır və bundan sonra da etibarlı olacaq”.
Təhsil eksperti İlqar Orucov isə hesab edir ki, nəzərdə tutulan dəyişikliklər gənclərin maraqlarına xidmət edir.
O bildirib ki, fəaliyyəti ləğv edilən kolleclərin əvvəlki illərdə verdiyi rəsmi dövlət sənədləri hüquqi qüvvəsini qoruyur:
“Tələbələr təhsil aldıqları dövrdə qanuni şəkildə qəbul olunublarsa və onlara dövlət nümunəli sənəd verilibsə, həmin diplomlar müddətsiz etibarlıdır. Müəssisənin ləğvi məzunların qazandıqları hüquqlara təsir etmir. Onların arxiv sənədləri dövlət tərəfindən mühafizə olunur, işə qəbul və ya universitetə sənəd verilməsi zamanı diplomların tanınmasında problem yaranmır”.
Ekspertin sözlərinə görə, hazırda həmin kolleclərdə oxuyan tələbələrin də təhsili yarımçıq qalmır:
“Kollec tam ləğv olunduqda tələbələr ixtisaslarına uyğun digər fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinə eyni şərtlərlə köçürülürlər. Kollec ləğv edilməyərək müvafiq universitetin tabeliyinə verilirsə, tələbələr təhsillərini həmin binada, universitetin tabeliyində davam etdirirlər”.
İlqar Orucov hesab edir ki, struktur islahatları və “Ali təhsil haqqında” yeni qanun layihəsi subbakalavrların təhsil imkanlarını genişləndirə bilər:
“Yeni konsepsiyaya əsasən, subbakalavriatın beynəlxalq təcrübədəki ‘Associate Degree’ modelinə uyğun olaraq ali təhsilin ilk pilləsi – qısamüddətli ali təhsil statusu qazanması nəzərdə tutulur. Bu, diplomların həm yerli, həm də xarici əmək bazarında nüfuzunu artıra bilər.
Kollec proqramlarının universitetlərin tədris proqramları ilə uyğunlaşdırılması subbakalavrların topladıqları kreditlərin bakalavriatda tanınmasına, ali təhsilə keçid zamanı vaxt itkisinin və bürokratik maneələrin aradan qaldırılmasına imkan yarada bilər.
Universitetlərin tərkibinə daxil edilən kolleclərin tələbələri ali məktəblərin müasir laboratoriyalarından, rəqəmsal kitabxanalarından və professor-müəllim heyətinin potensialından yararlanmaq imkanı da əldə edə bilərlər. Bu baxımdan islahatların gənclər üçün daha rəqabətədavamlı və beynəlxalq standartlara uyğun təhsil mühiti yaradacağını düşünürəm”.
Ekspertin sözlərinə görə, Milli Məclisin Elm və təhsil komitəsi yanında yaradılmış işçi qrupunun hazırladığı qanun layihəsinin konseptual əsaslarında subbakalavr hazırlığı qısamüddətli ali təhsil kimi nəzərdə tutulur:
“Layihədə subbakalavr hazırlığı Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsi kimi müəyyən edilir. Bu səviyyənin və ya onun ekvivalenti olan 120 ECTS kreditinin bakalavriat səviyyəsinin ilkin dövrünü təşkil etdiyi və subbakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi ilə nəticələndiyi qeyd olunur. Beləliklə, subbakalavriat orta ixtisas təhsili pilləsi deyil, ali təhsilin daxilində bir səviyyə statusu qazana bilər”.
İlqar Orucov bu keçidi Avropa Ali Təhsil Məkanına və Boloniya sisteminə uyğunlaşma baxımından da əhəmiyyətli hesab edir:
“Avropada bu səviyyə qısamüddətli ali təhsil, ABŞ və Kanadada ‘Associate Degree’, Türkiyədə isə ‘ön lisans’ adlanır. Azərbaycanın subbakalavr təhsilinin bu beynəlxalq formata uyğunlaşdırılması diplomların həm yerli, həm də xarici əmək bazarında nüfuzunu artıra bilər”.
Ekspertin fikrincə, nəzərdə tutulan hüquqi və akademik dəyişikliklər subbakalavrların xaricdə tanınma imkanlarına da müsbət təsir göstərə bilər:
“İndiyədək yerli kollec diplomlarının ali təhsil statusu daşımaması xarici ölkələrdə onların ekvivalentliyinin müəyyənləşdirilməsində ciddi maneələr yaradırdı. Bu təhsilin milli səviyyədə ali təhsilin ilkin pilləsi kimi qəbul edilməsi diplomların beynəlxalq müstəvidə subbakalavr dərəcəsi formatında tanınmasına yol aça bilər.
Yerli əmək bazarında da orta ixtisas diplomu ilə qısamüddətli ali təhsil diplomunun eyni çəkidə olmadığını nəzərə alsaq, universitet daxilində müasir tədris proqramları əsasında hazırlanan subbakalavrların daha rəqabətədavamlı və yüksək ixtisaslı kadrlar kimi yetişəcəklərini düşünürəm”.
Bizim.Media