Çiy balıqla hazırlanan suşi və rollar insan sağlamlığı üçün təhlükə yarada bilər.
Bizim.Media xəbər verir ki, bunu Piroqov Universitetinin Klinik Tibb İnstitutunun poliklinik terapiya kafedrasının dosenti Dmitri Karpenko bildirib.
Onun sözlərinə görə, çiy və lazımi qaydada emal olunmamış dəniz məhsullarında anizakidlər, yəni parazit sürfələri ola bilər. Bu parazitlər insan orqanizminə daxil olduqda mədə-bağırsaq traktının selikli qişasına nüfuz edə bilər.
Mütəxəssis qeyd edib ki, belə hallarda ağrı qida qəbulundan cəmi bir neçə saat sonra başlaya bilər. Ürəkbulanma və qusma da əsas simptomlar sırasında yer alır.

Parazitlərə yoluxma riskini azaltmaq üçün balığın düzgün emal olunması vacibdir. Bunun üçün məhsul ən azı 24 saat ərzində -20°C və ya daha aşağı temperaturda, yaxud ən azı 15 saat -35°C temperaturda dondurulmalıdır.
Parazitləri istiliklə də zərərsizləşdirmək mümkündür. Bunun üçün balıq ən azı 10 dəqiqə ərzində 60°C və ya daha yüksək temperaturda bişirilməlidir.
Həkim əsas risklərin soyuq zəncirin pozulması və etibarsız təchizatçılardan alınan məhsullardan istifadə zamanı yarandığını vurğulayıb. Onun sözlərinə görə, bu problem kiçik iaşə obyektlərində, nəzarətsiz bazarlarda və bəzi çatdırılma xidmətlərində daha çox müşahidə oluna bilər.
Bizim.Media