Cəmi 19 il yaşasa da, yüz illər sonra da xatırlanacaq qəhrəmanlıq hekayəsi yazdı. Söhbət 6 il öncə bu gün – 29 sentyabrda şəhadətə ucalan Əkbər Hüseynovdan gedir.
Şəhid Əkbər Bahadur oğlu Hüseynov 2001-ci il iyulun 11-də Bakının Sabunçu rayonunda anadan olub. O, təhsilini 252 nömrəli tam orta məktəbdə alıb. Uşaq yaşlarından idmana böyük maraq göstərən Əkbər 11 yaşından idmanla məşğul olmağa başlayıb. Zəhmətkeşliyi ilə seçilən qəhrəmanımız həm də şeir yazmaq,bədahətən meyxana demək istedadı və gözəl xasiyyəti ilə hər zaman ətrafındakıların sevgisini qazanıb.
2019-cu il iyulun 5-də hərbi çağırış vərəqi alan Əkbər, avqustun 11-də keçirilən Andiçmə günündə nümunəvi xidmətinə görə fəxri fərmanla təltifedilib. Bundan əlavə o, xidmət etdiyi hərbi hissələrdə nizam-intizamı və nümunəvi davranışı ilə qısa zamanda fərqlənib və fəxri fərmanlarla təltif olunub. Xidməti dövründə isə kiçik çavuş rütbəsi alaraq manqa komandiri vəzifəsinə qədər yüksəlib
.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman Əkbər də ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərə qatılıb. O, sentyabrın 29-da Talış kəndi istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub və Sabunçu rayonu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Savaşda göstərdiyi igidlik və şücaətə görə Əkbər Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Əkbərin ömrü qısa olsa da, onun yaşadığı həyat Vətən sevgisinin, mərdliyin və fədakarlığın nümunəsinə çevrilib. O, həyatda sözlə ifadə etdiyi duyğuları döyüş meydanında əməlləri ilə tamamladı. Bu gün Əkbər Hüseynovun adı uğrunda canını verdiyi azad torpaqlarda və onu sevənlərin qəlbində yaşayır.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Bizim.Media