Xəbər verdiyimiz kimi, ötən həftə “Bazar Store” mağazalar şəbəkəsindən uşaq qidası alan vətəndaş mağazada son istifadə tarixi keçmiş məhsulun satılması ilə bağlı sosial şəbəkələrdə şikayət yayıb. Vətəndaşın iddiasına görə, Binəqədi şossesi üzərində yerləşən “Bazar Store” mağazasından uşaq üçün qida məhsulu alıb. Evə gəldikdən sonra isə məhsulun son istifadə tarixinin keçdiyini müəyyən edib.
Məsələ ilə bağlı “Bazar Store” Bizim.Media-nın sorğusunu cavablandırıb.
Cavabda bildirilib ki, bu mövzu paylaşılan andan etibarən məhsulun satış edildiyi mağazada araşdırma aparılıb, məhsulu alan müştəri və AQTA nümayəndəsi müvafiq filialda araşdırmada iştirak etdilər:
“Araşdırma nəticəsində müştərinin aldığı məhsulun rəsmdə paylaşılan məhsul olmadığı məlum olub. 23 sentyabrda bizim filialımızdan aldığı məhsulun təzəliyi və istifadə müddəti qaydasındadır. Müştəri çəkən məhsul rəsimlərində qarışıqlıq olduğunu, paylaşılan məhsulun aldığı məhsul olmadığını və səhv edildiyini AQTA nümayəndələrinə də şifahi şəkildə bildirib.
Hazırda sözügedən uşaq yeməyi standartlara tam uyğun şəkildə satışımızda mövcuddur. Bazarstore MMC olaraq bizim üçün müştəri məmnuniyyəti hər zaman ön plandadır və işimizin əsas prinsipidir".
Xatırladaq ki, AQTA məsələni nəzarətə götürdüyünü açıqlamışdı.
Fəridə, Bizim.Media