Azərbaycanda plastik cərrahiyyə sahəsində fəaliyyət göstərən həkimlərlə bağlı müzakirələr davam edir. Qeyd edək ki, 2025-ci ilin aprelində Azərbaycanda plastik, rekonstruktiv və estetik cərrahiyyə ilə məşğul olmasına icazə verilən 42 həkimin siyahısı açıqlanıb. 2026-cı ilin fevralında siyahıya daha üç həkim – Rauf Əşrəfov, Aytac Ağayeva və Nərmin Babazadə əlavə edilib və fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 45-ə çatıb.
Amma siyahıda adı olmayan, lakin sosial şəbəkələrdə özünü plastik və estetik cərrah kimi təqdim edən və bu istiqamətdə həyata keçirdiyi əməliyyatları reklam edən şəxslərin fəaliyyəti davam edir.
Maraqlıdır, estetik cərrahiyyə ilə məşğul olmasına icazə verilməyən bu şəxslərin fəaliyyətinə nəzarət edilirmi?
Bizim.Media belə “cərrahları” araşdırıb.
Araşdırmamız nəticəsində məlum oldu ki, özünü Bakı Medihall hospitalın estetik cərrahı kimi tanıdan və həyata keçirdiyi plastik əməliyyatları sosial hesablarında paylaşan Rza Rzayevin adı plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yoxdu. Rza Rzayevlə əlaqə saxlamaq mümkün olmasa da, köməkçisi, Saqif Əfəndiyev saytımıza açıqlamasında Rza Rzayevin tibb müəssisəsində ümumi cərrah - həkim kimi fəaliyyət göstərdiyini bildirib.
Lakin diqqətçəkən məqam odur ki, həkimin ixtisası sosial şəbəkə hesabında “ümumi cərrah” deyil, “plastik-estetik cərrah” kimi qeyd olunub. Xəstəxananın koordinatoru bunun səhvən yazıldığını bildirib:
“Rza Rzayev xəstəxanamızda ümumi cərrahiyyə üzrə dərəcəli həkimdir. Səhiyyə Nazirliyinin icazəsi var, o, plastik əməliyyatları da edə bilər. Yəqin ki, menecerlər sosial şəbəkədə müştəri cəlb etmək üçün plastik cərrah kimi qeyd ediblər”.
Məlumat üçün bildirək ki, bu günlərdə "MediHall Hospital"da qanunsuz cərrahi əməliyyat olunması üzə çıxıb.
Özünü estetik cərrah kimi təqdim edən və müxtəlif plastik əməliyyatlar icra edən Bariz Zeynalovun adı da plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilməyən həkim-mütəxəssislərin siyahısında yoxdur. Yəni ona da plastik əməliyyatlar həyata keçirməyə rəsmi icazə verilməyib. Amma Bariz Zeynalov sosial şəbəkə hesabları üzərindən həyata keçirdiyi əməliyyatlarla bağlı işlərini paylaşır və kifayət qədər də müştəri cəlb edir.
Bariz Zeynalov saytımıza açıqlamasında səhifədəki paylaşımların reklam məqsədilə edildiyini və bunun əsasən onun əvvəlki fəaliyyətinə aid olduğunu vurğulayıb:
“Səhifəmdə paylaşılanlar əsasən reklam üçün edilib. Mən əvvəl Daxili İşlər Nazirliyinin Hospitalında fəaliyyət göstərirdim, paylaşdıqlarım orada həyata keçirdiyim işlərdir. Əvvəl sertifikatım da var idi, sonra Səhiyyə Nazirliyi tərəfindən ləğv edildi, hazırda ümumi cərrahiyyədəyəm. Biz həkimlərlə işləyirik, bizə aid olan xəstələri biz, onlara aid olanları isə onlar əməliyyat edirlər. Hazırda lazım olduqda özəl klinikalara gedirəm”, - deyə Bariz Zeynalov qeyd edib.
Maraqlıdır, plastik cərrahi əməliyyatlara rəsmi icazəsi olmayan və sertifikatı ləğv edilən şəxslər ümumiyyətlə necə və hansı cəsarətlə fəaliyyətini davam etdirir?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlamışıq.
Mövzunu diqqətdə saxlayacağıq...


Nəzrin Mirzəyeva, Bizim.Media