2026-cı ilin ilk 8 ayı ərzində DOST mərkəzlərində ümumilikdə 672 150 müraciət qeydə alınıb. Orta gündəlik müraciət sayı 4 300 təşkil edib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verib.
Məlumatda qeyd edilib ki, müraciətlərin əsas hissəsi sosial müdafiə və məşğulluq sahələrinin payına düşüb:
“Ümumi müraciətlərin 304 700-ü (45,3%) sosial müdafiə, 130 000-i (19,3%) məşğulluq sahəsində göstərilən xidmətlər, 34 700-ü (5,2%) əlillik, 17 600-ü (2,6%) əmək münasibətləri, 7 000-i (1,0%) Vahid Əlaqələndirmə Mərkəzi (VƏM), 500-ü (0,1%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə arayışlar, 50-si icbari tibbi sığorta üzrə müraciətlərin payına düşüb. Əsas xidmət istiqamətləri üzrə ümumilikdə 494 550 müraciət qeydə alınıb”.
Bildirilib ki, bundan əlavə, yardımçı xidmətlər üzrə 89 800 müraciət (13,4%) qəbul edilib. Bu xidmətlərə bank, notariat və övladlığa götürmə ilə bağlı xidmətlər daxildir.
“8 ay ərzində Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) üzrə 52 900 müraciət (7,9%), Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) üzrə 8 500 müraciət (1,3%), Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçiləri üzrə isə 26 400 müraciət (3,9%) qeydə alınıb. Vətəndaş məmnunluğunun monitorinqinin nəticələrinə əsasən, kumulyativ dövr üzrə vətəndaş məmnunluğu göstəricisi 98,9%, 2026-cı il üzrə isə 99,2% təşkil edib” – məlumatda vurğulanıb.
Günay Şahmar, Bizim.Media