Ağ idman ayaqqabıları heç vaxt dəbdən düşmür, lakin onları ideal vəziyyətdə saxlamaq o qədər də asan deyil.
Bizim.Media xəbər verir ki, daim istifadə zamanı ayaqqabılar tez çirklənir və ilkin parlaqlığını itirir. Lakin “El Cronista”nın yazdığına görə, bahalı vasitələrdən, eləcə də ənənəvi sirkə və qida sodasından istifadə etmədən onları ev şəraitində cəmi bir neçə dəqiqəyə təmizləmək mümkündür.
Sirkə və sodanı hansı ağardıcı qarışıq əvəz edə bilər?
Bunun üçün qabyuyan maye və diş pastası lazımdır. Mütəxəssislərin sözlərinə görə, bu iki vasitənin kombinasiyası ayaqqabının materialına zərər vermədən çirk, ləkə və saralmanı aradan qaldırmağa kömək edir.
Nəşrdə bildirilir ki, maye yuyucu vasitə yağsökən kimi fəaliyyət göstərərək yığılıb qalmış çirki təmizləyir və parçadakı ləkələri yumşaldır. Ağ diş pastasının tərkibində isə ən çətin ləkələri çıxarmağa və parçanın və ya süni dərinin ilkin rəngini bərpa etməyə kömək edən yumşaq ağardıcı maddələr var.
Lazım olanlar:
* maye qabyuyan vasitə;
* ağ diş pastası (rəngli və ya gel formasında olanlardan istifadə etməyin);
* köhnə diş fırçası;
* su və təmiz parça.
Qarışığın hazırlanması
Kiçik qabda bir xörək qaşığı qabyuyan vasitəni az miqdarda su ilə yüngül köpük yaranana qədər qarışdırın.
Diş pastasının tətbiqi
Daha sonra köhnə diş fırçasına az miqdarda diş pastası çəkin və ən çox çirklənmiş sahələri dairəvi hərəkətlərlə təmizləyin.
Ümumi təmizləmə
Başqa bir fırça ilə yuyucu vasitədən hazırlanmış qarışığı ayaqqabının bütün səthinə, o cümlədən altlıqlara çəkin.
Yaxalama və qurutma
Qalan qarışığı nəm parça və ya təmiz su ilə təmizləyin. Daha sonra ayaqqabıları kölgədə qurumağa qoyun. Bu, günəş şüalarının təsiri nəticəsində saralmanın qarşısını almağa kömək edəcək.
Bu kombinasiya brezent, parça və ya süni dəri kimi zərif materialların təmizlənməsi üçün də uyğundur. Belə materiallar sirkə və ya sodanın təsirindən zədələnə bilər.
Digər üstünlüyü isə kəskin qoxu buraxmaması və ayaqqabının rənginə və teksturasına təsir etmədiyi üçün tez-tez istifadə edilə bilməsidir. (Demokrat.az)
Bizim.Media