Azərbaycan və Özbəkistanı bir-birinə bağlayan çoxillik əməkdaşlıq sırasında ədəbiyyatın özünəməxsus yeri var. İki qardaş ölkənin ədəbi-mədəni əlaqələri ötən əsrin müxtəlif illərində şair və yazıçıların yaradıcılığı, qarşılıqlı səfərlər və dostluq münasibətləri ilə daha da möhkəmlənib. Müstəqillik dövründə isə bu əməkdaşlıq daha geniş imkanlar qazanaraq iki qardaş xalqın ortaq tarixi, dili, mənəvi dəyərləri və zəngin ədəbi irsi üzərində əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib.
Ən yüksək səviyyədə qarşılıqlı səfərlər, xüsusilə son illərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında intensiv görüşlər bu əlaqələrin daha da dərinləşməsinə güclü zəmin yaradıb.
Bu prosesin davamı olaraq, 23-24 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri iki ölkənin mədəni-ədəbi əməkdaşlıqda ən yüksək səviyyədə davam etdiyini bir daha nümayiş etdirdi. Bu onu göstərir ki, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri yalnız keçmişin zəngin irsinə söykənən ənənə deyil, həm də bugunkü dövlətlərarası münasibətlər, qarşılıqlı layihələr və ədəbi mübadilə imkanları ilə gələcəyə yönəlmiş möhkəm əməkdaşlıqdır.
Amma əməkdaşlığımızın tarixində qürurla xatırlanacaq bir dostluq var ki, qardaş ölkələrin iki böyük qadınının zərif çiyinlərində daşıdığı poetik əlaqələrlə xüsusi diqqət çəkir. Azərbaycanın və Özbəkistanın ilk qadın Xalq şairləri Mirvarid Dilbazinin və Zülfiyyə İsrailovanın adını ehtiramla çəkmək təkcə ədəbiyyatsevərlərin deyil, türk xalqlarının mənəvi dəyərlərini ən uca məqamlarda qorunub saxlanması təəssübünü çəkən hər bir vətəndaşın borcudur.
Sovet ideologiyası çərçivəsində türkçülük
Onları yalnız yaradıcılıq yaxınlığı deyil, talelərinin müəyyən oxşarlığı da birləşdirirdi. Hər iki qadının “ilk qadın Xalq şairi” zirvəsinə yüksəlməsi şəxsi yaradıcılıq uğurundan daha böyük məna daşıyırdı. Bu ad onların çiyinlərinə bütöv bir xalqın qadın obrazını ədəbiyyatda təmsil etmək, milli-mənəvi dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək kimi məsuliyyət qoyurdu. Üstəlik, bu məsuliyyət sovet ideologiyasının hər sözə sərt nəzarət etdiyi bir dövrün tələbləri daxilində daşınırdı. Onlar qadın ləyaqətinin, əzmkarlığının poetik ifadəsində özünəməxsus bir yol seçərək, ideoloji çərçivələr daxilində belə milli dəyərləri qorumağa çalışırdılar.
Mirvarid Dilbazi ilə Zülfiyyə İsrailovanın rəfiqəliyi və yaradıcılıq tərəfdaşlığı həm həmkar həmrəyliyi, həm qadın talelərinin doğmalığı, həm də iki xalqın ədəbi-mədəni yaxınlığı öz ifadəsini tapırdı. Bu dostluq göstərirdi ki, iki qardaş millət fərqli coğrafiyada, fərqli aksentlərdə eyni duyğuları və eyni dəyərləri yaşada bilər.
Bu iki sənətkar həm də onu göstərə bildi ki, ədəbiyyatda qadın sözü yalnız onun dünyasının ifadəsi deyil, bütöv bir xalqın “zərif tərəfi”nin təqdimatıdır. Sovetlər İttifaqı, xüsusilə də türk və müsəlman olmayan hissəsi bu iki xalqın qadın təfəkkürünü məhz Mirvarid Dilbazi və Zülfiyyə İsrailova poeziyalarında görə bilirdi.
Mirvarid Dilbazinin (1912-2001) “Qadınların hüriyyəti” adlı ilk şeiri hələ 16 yaşında ikən dərc edilmişdi. Bir-birinin ardınca Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunub. "Xəzər üstə şəhərim var", "Abşeronda gün doğanda", "Günəş kimi", "Çiçəklər şəhəri", "Qoçağım Zeynəb" və s. şeir kitablarının "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) kimi poemalarının müəllifidir.
Kişi ləqəbli qadın şair
Zülfiyyə İsrailova (1915-1996) ədəbiyyatda elə sadəcə Zülfiyyə adı ilə tanınırdı. Amma ona özbək ədəbiyyatının Fərhadı deyirdilər. Onun da ilk şeiri elə rəfiqəsi ilə eyni yaşda dərc olunmuşdu, halbuki həmin illərdə gələcəyə ümid dolu baxan bu qızlar bir-birini tanımırdılar. Gələcəkdə bənzər tale ilə əl-ələ həyat və yaradıcılıq yollarında irəliləyəcəklərini bilmirdilər. Zülfiyyənin ilk kitabı “Həyat səhifələri” isə cəmi 17 yaşında çap olunub. Sonralar “İki yoldaş”, “Vadi ulduzları”, “Nəğməli qələm”, “Müşairə” poemaları, bir çox libretto, oçerk və publisistik əsərlər müəllifi kimi şöhrət qazandı.
Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin oxuculara qarşılıqlı çatdırılması baxımından da bu iki şairənin xüsusi əhəmiyyəti var.
Mirvarid Dilbazi Zülfiyyə də daxil olmaqla müasir özbək şairlərini, yeni özbək poeziyasını tərcümə edərək Azərbaycan oxucusuna tanıtdırmışdı. Eynilə Zülfiyyə də Mədinə Gülgün, Nigar Rəfibəyli, Hökumə Bülluri və b. kimi şairlərin xeyli əsərini özbəkcəyə uyğunlaşdırıb.
Şəfiqə Şəfa, Bizim.Media