Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyulun 16-da Milli Mətbuat Günü münasibətilə Qusar rayonunda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda ölkənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzet və xəbər saytlarını əhatə edən 30-dan çox media qurumunun 50-yə yaxın təmsilçisi, dövlət orqanları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, din xadimləri və blogerlər iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi "Hər məsciddə kitabxana" layihəsi, Dövlət Komitəsinin "AMIN" İnformasiya sistemi barədə videoçarxlar nümayiş olunub.
Konfransda açılış nitqi ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bütün tədbir iştirakçılarını və qonaqları salamlayaraq belə aktual mövzuya həsr edilmiş konfransın Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib. İcra başçısı çıxışında konfransın dini mövzuların mediada peşəkar və məsuliyyətli şəkildə işıqlandırılması baxımından əhəmiyyətindən danışıb.
Bildirib ki, müasir dövrdə informasiya mühitində baş verən sürətli dəyişikliklər media nümayəndələrinin üzərinə daha böyük məsuliyyət qoyur. Bu baxımdan dövlət orqanları ilə media arasında səmərəli əməkdaşlığın və peşəkar dialoqun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sahir Məmmədxanov konfransın Milli Mətbuat Günü ərəfəsində keçirilməsinin rəmzi məna daşıdığını önə çəkərək, media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı çıxışında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də mühüm qələbə qazandığını vurğulayıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin həmin dövrdə nüfuzlu televiziya kanallarına verdiyi müsahibələr və qətiyyətli mövqeyi bu qələbədə mühüm rol oynayıb. İcra başçısı, eyni zamanda, rayonda həyata keçirilən mühüm infrastruktur layihələri, abadlıq-quruculuq işləri haqqında da məlumat verib və konfransın işinə uğurlar arzu edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqunun Azərbaycanın şəffaflıq, obyektiv informasiya mübadiləsi və qlobal əməkdaşlıq prinsiplərinə sadiqliyinin bariz ifadəsi olduğunu bildirib.
Ramin Məmmədov bildirib ki, konfrans çərçivəsində nümayiş olunan təqdimatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-din siyasətinin müasir çağırışlara uyğun inkişafını əks etdirir. “Azərbaycan tolerantlığı” sənədli filmi, Dövlət Komitəsinin həyata keçirdiyi rəqəmsallaşma siyasətinin tərkib hissəsi olan “AMIN” İnformasiya Sistemi və ictimaiyyətin maraqla izlədiyi “Hər məsciddə kitabxana” layihəsi vahid strateji baxışın əyani məhsuludur.
Komitə sədri bildirib ki, Azərbaycanda dini-mədəni irsin qorunması, ibadət yerlərinin bərpası və konfessiyalararası əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, bu dəyərlərin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarının kənarda da təqdimatı çox vacibdir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Ramin Məmmədov bildirib ki, “AMIN” İnformasiya Sistemi dini sahədə elektron xidmətlərin və informasiya resurslarının vahid platformada birləşdirilməsini təmin etməklə idarəetmədə şəffaflığın, operativliyin, səmərəliliyin artırılmasına, media və ictimaiyyət üçün etibarlı məlumat mənbəyinin formalaşdırılmasına imkan yaradacaq. Sistem rəqəmsal məkanda yanlış məlumatların yayılmasının qarşısının alınmasına da töhfə verəcək. “Hər məsciddə kitabxana” layihəsinə də toxunan Komitə sədri bildirib ki, təşəbbüs məscidlərin maarif və elm ocağı kimi tarixi ənənələrinin yaşadılmasına, mütaliə mədəniyyətinin inkişafına və sağlam dini maarifçiliyin təşviqinə xidmət edir.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxışında qeyd edib ki, müasir informasiya məkanında media təkcə xəbər çatdıran vasitə deyil, həm də ictimai rəyin və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən mühüm sosial institutdur.
O, dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə işıqlandırılmasının cəmiyyətdə dini sabitliyin, qarşılıqlı hörmətin və tolerantlığın möhkəmlənməsində mühüm rol oynadığını ifadə edib. Dağbəyi İsmayılov yoxlanılmamış və manipulyativ məlumatların cəmiyyətdə gərginlik yarada biləcəyini diqqətə çatdıraraq, media mənsublarını bu sahədə peşəkar, obyektiv və etik prinsiplərə sadiq olmağa çağırıb.
Baku TV-nin direktoru Ramin Cəfərov bildirib ki, Azərbaycanda din-media münasibətləri sağlam təməl üzərində formalaşıb və ölkə dünyada dini tolerantlıq, multikulturalizm ənənələri ilə seçilir. Onun sözlərinə görə, mətbuat milli-mənəvi dəyərlərin və mövcud tolerantlıq mühitinin cəmiyyətə, eləcə də beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasında mühüm rol oynayır. Ramin Cəfərov diqqətə çatdırıb ki, Baku TV fəaliyyətində peşəkarlıq, obyektivlik və milli maraqlar prinsiplərini rəhbər tutur, dini mövzuları manipulyasiyalardan uzaq şəkildə işıqlandırır.
APA TV-nin baş direktoru Orxan Məmmədli rəhbərlik etdiyi media qurumu ilə Dövlət Komitəsi arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanan "İMAN" layihəsinin cəmiyyətdə milli-mənəvi dəyərlərin, ailə institutunun və tolerantlıq ənənələrinin təbliğinə xidmət etdiyini bildirib. Dini sabitliyin qorunmasında dövlət strukturları və din xadimləri ilə yanaşı, medianın da mühüm rolu olduğunu, mövzuların işıqlandırılmasının yüksək məsuliyyət və etimad tələb etdiyini diqqətə çatdıran natiq bu sahədə faktlara söykənən, maarifləndirici və peşəkar jurnalistikanın cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını deyib.
“Gündəlik Teleqraf” Media Qrupun rəhbəri Aynur Camalqızı rəqəmsal informasiya mühitində dini mövzuların manipulyasiya edilməsinin yaratdığı təhlükələrdən danışıb. O bildirib ki, müasir dövrdə informasiya təkcə xəbər mənbəyi deyil, eyni zamanda siyasi, psixoloji təsir və milli təhlükəsizlik amilidir.
Dezinformasiya kampaniyaları getdikcə daha çox insanın dini inanclarını, milli kimliyini və mənəvi dəyərlərini hədəfə alır. Sosial şəbəkələrin dini diskursun əsas platformalarından birinə çevrildiyi, alqoritmlərin isə həqiqəti deyil, daha çox diqqət çəkən məzmunu önə çəkdiyi və müqəddəs mətnlərin kontekstdən çıxarılması kimi halların ən geniş yayılmış tendensiyalardan olduğu qeyd edilib.
“ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov dini mövzuların mediada işıqlandırılmasının cəmiyyətin sabitliyi baxımından xüsusi məsuliyyət tələb etdiyini bildirib. O qeyd edib ki, informasiya mühitində yayılan hər bir xəbər ictimai rəyə təsir göstərir. Buna görə də dini mövzuların işıqlandırılmasında faktlara söykənmək, balansı qorumaq, stereotiplərdən və nifrət dilindən uzaq olmaq peşə etikası ilə yanaşı, ictimai məsuliyyət məsələsidir.
Radik İsmayılov dezinformasiya və süni intellekt vasitəsilə yayılan saxta məzmunun yaratdığı risklərə diqqət çəkərək, sağlam informasiya mühitinin dini sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin din xadimlərinin media ilə açıq əməkdaşlıq etməsinin, jurnalistlərin suallarını elmi və etibarlı mənbələrə əsaslanaraq cavablandırmasının, eləcə də dini mövzular üzrə ekspert bazasının formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Konfrans rəqəmsal informasiya mühitində dini mövzuların işıqlandırılması, informasiya manipulyasiyası və dezinformasiya ilə mübarizə, dini savadlılığın təşviqi, eləcə də medianın milli-mənəvi dəyərlərin qorunmasındakı rolu ilə bağlı panel müzakirələri ilə davam edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən birinci panel "Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya" mövzusuna həsr olunub. Paneldə Azərbaycan Mətbuat Şurasının sədr müavini, əməkdar jurnalist Səadət Məmmədova, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva spiker qismində çıxış ediblər.
Konfransın II panel sessiyasında "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" barədə müzakirələr aparılıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini, Əməkdar jurnalist Vüqar Zifəroğlunun moderatorluğu ilə keçirilən panelin məruzəçiləri Teleradio Akademiyasının rektoru Almaz Mahmud, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Amin” verilişinin aparıcısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Müşfiq Ötgün və Diksiya Akademiyasının direktoru, natiqlik üzrə təlimçi Cəlalə Nəzəroğlu olub.
Konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirdə iştirak edən dövlət qurumlarının rəsmilərinə və media nümayəndələrinə minnətdarlığını bildirib.
Sonda media mənsublarına təşəkkürnamələr təqdim edilib.
















Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media