Xəbər verdiyimiz kimi, dünən İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
İsmayıllıda baş verən qəza ilə bağlı TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 19.03.2026-cı il tarixində saat 23:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 kişi, 2 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
1997-ci il təvəllüdlü (qadın), 1988-ci il təvəllüdlü (qadın), 2000-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin çoxsaylı travmaları, başın təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
1991-ci il təvəllüdlü (kişi) şəxsə dəqiqləşdirilməmiş kəllə beyin travması, koma diaqnozu təyin olunub.
Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 00:08 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib.
Xatırladaq ki, İsmayıllıda Hyundai və VAZ 21099 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-ın sürücüsü 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Bizim.Media, Aran bürosu