İki aydır yol qəzasında aldığı ciddi xəsarətlərdən komada olan jurnalist Sahib İslamovun vəziyyəti ağırdır. Avropa.info saytının əməkdaşı Musa Nağıyev adına xəstəxanada koma vəziyyətindən çıxmayıb. Sayt öz əməkdaşının qardaşı Aqil İslamova istinadən yazıb ki, həkimi Fikrət Vəliyev bu durumda aciz qaldığını etiraf edib.
Həkim jurnalistin bir həftə ərzində xəstəxanadan çıxarılmasını istəyib. O, belə xəstələrin nə vaxt komadan çıxacağının bəlli olmadığını söyləyib. Həkim bildirib ki, jurnalist bu vəziyyətdən 6 aya da ayıla, illərlə də belə qala bilər.
S.İslamovun qardaşı əlaqədar qurumlardan kömək diləyib: “Həkim deyir ki, artıq iki aydır ki, mən müalicə təyin etmişəm, xəstənin halında ciddi irəlləyiş yoxdur. Məni çağırdı və bildirdi ki, bir həftə vaxtınız var. Aparın başqa yerdə müalicə alsın. İmkanımız olsaydı, mətbuata çıxmazdıq. Qardaşımızı özümüz aparardıq xaricə. Amma “Meyvəli Bazar”da fəhlə işləməklə bunu edə bilmərəm axı”.
Ötən gün həmkarımızın vəziyyətini öyrənmək üçün M.Nağıyev xəstəxanasına getdik. Görüş saatı olmasa da, xəstəni 5 dəqiqəlik görmək imkanı yaradıldı. Bildirək ki, S.İslamov ümumiyyətlə danışa bilmir, arabir gözlərini açıb-yumur və vəziyyəti ürəkaçan deyil.
Həkiminin isə işdə olmadığı və istirahət etdiyi söyləndi. Ona görə son durumu haqda jurnalistin böyük qardaşı Sabir İslamov “Yeni Müsavat”a danışdı. O, açıqlamasında dövlətdən kömək istədi. S.İslamov qardaşını qəzada vuran tərəfdən şikayətçi olmadığını qeyd etdi.
S.İslamovun sözlərinə görə, bu günə qədər olan müddətdə qardaşına lazım olan köməklik göstərilib: “Ancaq heç bir irəliləyiş yoxdur. Həkim deyir ki, vəziyyəti ağır stabil olaraq qalır. Qarşı tərəf onun müalicə xərclərini ödəyir. Amma həkim deyir ki, bu vəziyyətdə saxlamağın mənası yoxdur”.
Jurnalistin qardaşı vurğuladı ki, qarşı tərəfin yaxud imkanlı şəxslərin daha böyük maddi dəstəyinə ehtiyac var: “Biz istəməsək heç kəs onu xəstəxanadan çıxara bilməz. Amma kim istəyər bu vəziyyətdə qardaşı qalsın? Pulumuz olsaydı xaricə aparıb komadan çıxarardılar. Biz dövlətdən, prezidentdən, imkanlı insanlardan yardım istəyirik. Qardaşımı ölməyə qoymayın, onu xilas edin”.
S.İslamov imkanlı adamlara müraciət etdi: “Elə bilin ki, öz qardaşınıza yardım edirsiniz. Bizim imkanlarımız artıq tükənib, bu vəziyyətdən çıxmaq üçün həkim nə gərəkdirsə edib. Onu xaricə aparsaq, bəlkə komadan ayılar. İmkanı olan insanlar üz tutub xahiş edirik ki, səsimizə səs verin. Prezidentin bu məsələyə diqqət etməsini istəyirik. Dövlət pul ayırsa, xaricdə müalicə alardı”.
Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırıb.
S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Allah kömək olsun!