Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında ilk işə başlayanı “Bakcell” olub. “Bakcell” özünü ən sürətlə inkişaf edən şirkət adlandırır. Lakin təəssüf ki, yaşının daha çox olması faktı qurumun daha yüksək səviyyəli xidmət göstərdiyinə dəlalət etmir. Bunu son vaxtlar “Bakcell” şirkətindən olan narazılıqların sayının artması da sübut edir.
Xeyli abonenti olan bu qurum mütəmadi
olaraq yeni xidmətlər, yeni tariflər istifadəyə verir. Lakin elə təəssürat
yaranır ki, şirkət təqdim etdiyi xidmətləri tam gücü ilə tətbiq etmək
iqtidarında deyil. Son vaxtlar abonentlər daha çox ölçülü tarif paketlərindən
gileylənirlər. Burada müəyyən məbləğ müqabilində xüsusi tarif paketi təqdim
olunur. Məbləğ artdıqca, bonusların da sayı çoxalır. İlk baxışdan sərfəli görünən
bu təklif təəssüf ki, lazımi səviyyədə təqdim olunmur, “Bakcell” verdiyi
vədlərin arxasında dayanmır.
Bu tarif paketlərinə aldanıb “Bakcell”
nömrəsi alan vətəndaşlardan biri deyir ki, elə dərhal XL tarif paketinə üzv
olub. İlk aylarda problem yaranmasa da, son aylar demək olar hər dəfə hansısa
qüsur ortaya çıxır: “Ya, dəqiqə köçür, internet trafiki balansa köçürülmür. Ya da internet və
dəqiqələr gəlir, SMS yox. Hər dəfə də müştəri xidmətlərinə zəng edirəm, deyirlər
ki, şikayət araşdırılacaq. Bəzən problem bir neçə günə həll olunur. Amma bir
dəfə internet trafikini aylıq müddətin lap sonunda yüklədilər, həmin vaxta
qədər interneti öz balansımdan işlətdiyimdən, bonus trafik demək olar
işlənməmiş qaldı. Mən ayda 10 manatı əsasən problemsiz internet işlətmək üçün
verirəm, amma reallıqda hər dəfə balansdan ayrıca olaraq xərcləməli oluram”.
“Bakcell” şirkəti ilə bağlı şikayətlərə
sosial şəbəkələrdə də rast gəlinir. İstifadəçilər “Bakcell” ilə problemlərə
ayrıca statuslar həsr edirlər, mövzu ətrafında qızğın müzakirələr gedir. Eyni
zamanda, mobil operatorun Facebook səhifəsinə də yazıb şikayətlərini
bildirirlər. İradların əksəriyyəti datakart sürətinin zəif, kəsintili olması
ilə əlaqədardır. Xəyal Hacılı adlı istifadəçi qeyd edir ki, İmişlidə
datakartdan istifadə etmək qeyri-mümkündür: “Bu datakart lap xəstəlikdir. GSM
şəbəkəsinə keçirəndə telefonda sürətlə işləyir. Amma videolar, mahnılar
yüklənmir. Boş yerə pul verdim, bu qədər özünüzü tərifləyirsiniz, heç olmasa 1
meqabit verin ki, yazışmalar sürətli
olsun”. Cabir Allahverdiyev adlı fb istifadəçisi qeyd edir ki, Bərdədə də
datakartın sürəti çox zəifdir. Bəziləri adı limitsiz olan internet
paketinin çox az həcmli olmasından gileylənir, trafikin yalnız youtube kanalı
ilə bir neçə klipə baxmağa kifayət
etdiyini yazırlar. Bəziləri isə danışıq kartlarının
yüklənməsində problemlər yaşandığından narazılıqlarını bildirirlər.
Səhifədə belə şikayətlərin bir çoxuna
ümumi cavablar verilir. Qeyd olunur ki, abonentlər dözümlü olsunlar, çünki
şəbəkədə təkmilləşdirmə işləri aparıldığından, internetin sürətində azalma və
kəsilmələr müşahidə olunur. Nədənsə, bu cür texniki problemlər artıq şirkətin
iş rejiminə çevrilib. Bir çox hallarda isə giley-güzar edən abonentlər müştəri
xidmətlərinə yönləndirilir. Şirkətin fb səhifəsi əsasən elə saytda olan
məlumatlar və press-relizlərlə doldurulur. Halbuki, sosial şəbəkə vasitəsilə
abonentlərlə daha interaktiv əlaqə qurmaq, sıradan şikayətləri dərhal həll
etmək olardı.
Müştəri xidmətlərinə gəlincə, telefonla
operatorun səsini eşitmək istəyən Bakcell abunəçiləri çox hövsələli
olmalıdırlar. Canlı müştəri xidmətlərində də daim növbə müşahidə olunur. Xidmət
ofislərində operatorların hamısıyerində olsalar da, onların yalnız bir neçəsi
müştərilərə xidmət göstərir.
Ümumiyyətlə, son vaxtlar “Bakcell”in
şəbəkəsində də problem yaranır. Hərəkət etmədiyin halda belə, şəbəkə öz-özünə
itir, danışıq yarımçıq qalır. Heyf ki, Azərbaycandakı mobil operatorların
sayının az olmasına baxmayaraq, Bakcell hələ də rəqabətə uduzur. Əgər şirkət bu
siyasətinə dəyişiklik etməsə, abonentlərin çoxunu itirə bilər. Yalnız tarifləri
ucuz etməklə müştəriləri əldə saxlamaq olmaz, onun həm də etibarını qazanmaq və
bu inamı itirməmək gərəkdir.