“Gələcəkdə Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi çalışan, həmçinin, minaaxtaranlara da hərbçilərə verilən jetonların verilməsinə baxmaq olar. Hesab edirəm ki, bəzi qüvvələrə bunun tətbiq olunması, operativ şəkildə yaralanmış zabitlərə tibbi yardımın göstərilməsinə və yaxud xəstəliklərinin aradan qaldırılmasına köməklik göstərə bilər”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, məktəblərdə bəzi fənlərə ayrılan dərs saatı kifayət etmir:
“Orta məktəblərdə həm hərbi hazırlıq, həm də fiziki hazırlıqla əlaqədar dərslərə çox vaxt ayrılmır. Ali məktəbə qəbul olmaq üçün digər fənlərə o qədər çox vaxt ayrılır ki, insan üçün zəruri olan hərbi hazırlıq və fiziki hazırlıqla əlaqədar təlimlərdən az istifadə olunur. Bəzi məktəblərdə həftə ərzində bir saat fiziki hazırlıq və bir saat hərbi hazırlıq dərsi keçilir”.
Günay Şahmar, Bizim.Media