Millət vəkili Fazil Mustafa Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevi kəskin ittihamlara qonaq edib. Moderator.az deputatın fikirlərini təqdim edir:
“ Azərbaycanda "Yaşıllar" adlanan partiya var. Sədri də Mais Güləliyevdir. Bir dəfə Avropa Şurasında Almaniyanın yaşıllar partiyasının bir təmsilçisi ilə söhbət edərkən, söylədim ki, bizdəki yaşıllarla əlaqəniz varmı? Cavab verdi ki, sizdəki yaşılın təbiətlə bir əlaqəsi yox, cənubla əlaqəsi var. Söylədim ki, necə olur, Moskvada təhsil almış birisi, necə ola bilər ki, belə bir ideoloji yaşıla yoluxsun. Həm də bildiyim qədərincə, adam İslamdan da nəsibini almayıb. Yenə də qısaca əks sualı verdi: İndi oradakıların söhbəti Moskvadakılarla yaxşı tutur. İndi birdən-birə qonşu ölkənin təbliğatını aparan bir saytda Mais Güləliyevin böhtanla dolu münasibətini görəndə anladım ki, bu avropalılar bizləri bizdən daha yaxşı tanıyır. Prinsipcə adam bizlər kimi ölkədə səviyyəli təhsili müdafiə etməli olduğu halda, tamamilə başı çıxmayan mövzuda mənə başqa bir ölkənin maraqlarının müdafiəçisi kimi çıxış edərək böhtan atır. Sadəcə cənab Güləliyevin bu açıqlamasına diqqət etməyiniz yetərlidir: "Azərbaycan cəmiyyətinin də kökü bütün irandilli xalqlara aid olan ortaq mədəniyyətlə və inancla bağlıdır. İki yüz ildə Rusiya imperiyası , 70 ildə Sovet ideologiyası bu kökü məhv edə bilmədi. İndi bu sahədə qondarma ideologiyalar canfəşanlıq edir. Amma bunu etməyə çalışanlar bilsin ki, əgər Azərbaycan cəmiyyəti öz kökündən ayrılsa, o çox asanlıqla digər ideologiyalar içərisində əriyəcək və Azərbaycan adlı xalq olmayacaq. Azərbaycan xalqı digər türkdilli xalqlardan onunla fərqlənir ki, onun mənəvi dəyərində ən geniş mənada İran mədəniyyəti var. Əks- halda bu türklər də "azərbaycanlı" olmazdılar. Qaqauz olardılar, kalmık olardılar, özbək olardılar və sair."
Mən hər zaman bunu söyləməkdən çəkinmirəm. Hər şeyin doğrusunu söyləməkdən də çəkinməməliyik. Yaxşı ki, Rusiya bizlərin kiçik bir qismini də olsa Molla Sadığın əlindən alıb Qori Seminariyasına göndərdi. Bu gün müasirliyə yaxın bir dövlət qurmağımızda bu fakta borcluyuq. Yaxşı ki, son müzakirələrdəki şərhlərdəki müəlliflərin səhifələrinə diqqət yetirdikcə Azərbaycannın maraqlarına zidd çox böyük bir şəbəkənin olduğunu aydınlaşdıra bildim. Bunlar çox yaxşı bilirlər ki, istənilən müzakirədə Allahın köməyi ilə yerlərində oturtmağa gücümüz yetər. Ancaq hiss edirəm ki, bunu anlasalar da məcburiyyətdən bu müzakirəyə girirlər. Yəni cırtdanın nənəsinin verdiyi yağ yaxmasının müqabilində özlərini odunun altına verirlər.”
Mais Güləliyev də Fazil Mustafanı ittiham edib:
“Mən Fazil Mustafa ilə qətiyyən söz davasına çıxmaq həvəsində deyiləm. Ona görə ki, onun hədəfləri və məqsədi ilə mənimki tamam fərqlidir. Amma Fazil bəy görünür işsizlikdən, ya onun qarşısına qoyulan vəzifədən çıxış edərək hamını, hələ özünün də tam dərk etmədiyi sual-cavaba sürükləmək istəyir. lakin bir neçə məqamı bildirməyə məcburam. Belə ki, millətə əsl tarix "dərsi" keçmək iddiasında olan Fazil bəy inkar edir ki, Azərbaycanlıların İrandilli xalqlarla hec bir əlaqəsi yoxdur. Nə tarixi, nə antropoloji, nə də mənəvi. Hətta Rusiya vasitəsilə bir parça torpağın İrandan qoparılmasına da haqq qazandırır! Az qala Rus çarına buna görə sağ ol deməyə başlayıb! Amma özünü Azərbaycanlı (bəzən isə türk?) adlandıran Fazil bəy hec olmazsa GÜZGÜ qabağına keçib xarici görkəminə diqqətlə baxsa özünün hansı antropoloji quruluşda olduğuna əmin ola bilər! Qaldı Azərbaycan Yaşıllar Partiyası haqqında almanlarla Fazil bəyin söhbətinə, Fazil bəy bu haqda tamam qeyri-səmimidir. Mən Fazil bəydən tarixlə bağlı elmi-metodologiyaya söykənən , arqumentli cavab gözləyirəm, şantaj yox! Bu xucbanlıq sadəcə sizin zəifliyinizi göstərir, cənab Fazil bəy!”