Quba-Xınalıq yolu 4-cü gündür ki, bağlıdır. Güclü qar və qaya uçması səbəbindən bağlanmış yolu ötən gün də açmaq mümkün olmayıb.
Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya bildirib ki, yola 1 metr qar yağıb, üstəlik də dağlardan gələn iri qaya parçaları, daşlar yolu keçilməz edib.
Sakinlər yolun açılmasını gözləyirlər. Rayon mərkəzi ilə əlaqə tam kəsilib. Quba-Xınalıq yolunun 38-ci km-dən üzü Xınalığa doğru 9 kənd yerləşir. Bu kəndlərdə əhalinin rayonla nəqliyyat əlaqəsi tam kəsilib. Üstəlik, Xınalıq istiqamətində 4 gündür ki, işıq da yoxdur.
Ümumiyyətlə, Qubanın dağ kəndlərində ciddi işıq problemi yaşanır. Söhüb kəndi ərazisində elektrik şəbəkəsinin qar yağarkən fəaliyyətini tam dayandırması Qonaq-kənd-Xınalıq istiqamətində onlarla kəndi işıqsız qoyub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu