Hərbi xidmətdən yeni qayıtmış gənc Biləsuvarda ağır qəzaya düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Bəydili kənd sakini Tofiq Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusla hərəkətdə olarkən 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.
İlkin məlumata əsasən, sürücü qarşısına qəfil çıxan inəyi vurmaqdan yayındığı üçün sükanı yol kənarına çəkib. Bu zaman isə piyada yolun kənarında olub və qəza baş verib.
Ağır xəsarət alan Rəşad Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsində müalicə altındadır.
Bildirilib ki, zərərçəkmiş bir neçə gün əvvəl hərbi xidmətini başa vuraraq evinə dönmüşdü.
Faktla bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu