Aprel döyüşləri iştirakçısı: "Ordumuzun əks-hücumu düşməni çətin duruma saldı" - FOTO

"Lələtəpə yüksəkliyi istiqamətində döyüşlərə cəlb olunduq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinə müsahibəsi zamanı Aprel döyüşlərinin iştirakçısı olmuş ehtiyatda olan baş leytenant Elnur Xəlilov deyib.
 

Böyük Zəfərin başlanğıcından - 2016-cı ilin aprel döyüşlərindən 9 il ötür. Həmin günlərdə Ermənistan silahlı birləşmələri Azərbaycan hərbçilərinin mövqelərini, həmçinin cəbhə xəttinə yaxın yaşayış məntəqələrimizi davamlı artilleriya atəşinə tutublar. Bunun ardınca düşmən mövqelərimizə soxulmağa çalışıb. Amma bütün bu cəhdlər uğursuz olub.


Aprelin 1-dən 5-ə qədər davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, eyni zamanda Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər azad olunub.

Elnur Xəlilov 4 aprel 1993-cü ildə Goranboy rayonunda anadan olub. 2010-cu ildə Qızılhacılı qəsəbəsindəki 1 saylı tam orta məktəbi, 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib.

Elə həmin ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb. Əvvəlcə Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edib. Ardınca Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit hazırlığı kursunu bitirib və leytenant rütbəsində Beyləqandakı "N" saylı hərbi hissədə xidmətini davam etdirib. 2016-cı ilin aprel döyüşlərinə də xidmət etdiyi hərbi hissədən cəlb olunub.

E.Xəlilov bildirib ki, bir neçə gün davam edən döyüşlər Azərbaycan Ordusunun gücünü, Vətən sevgisini açıq şəkildə nümayiş etdirib:

"Lələtəpə yüksəkliyi istiqamətində döyüşlərə cəlb olunduq. İlk dəfə idi ki, real döyüşlərin iştirakçısı olurdum. Paralel olaraq, şəhidlərin, yaralıların təxliyəsini həyata keçirirdik. Azərbaycan əsgərinin qorxmazlığını, cəsurluğunu mən o zaman gördüm. Təsəvvür edin ki, təxliyə olunan yaralı əsgər onu səngərdən çıxarmağımızı istəmirdi. Hər bir əsgər şəhid olan hərbçi yoldaşının qisasını almağa çalışırdı. Xüsusi təyinatlılarımızın fəallığını xüsusilə qeyd etmək istəyirəm. Onlar düşmənə göz açmağa imkan vermirdilər".

Ordumuzun əks-hücumu düşməni çətin duruma salıb

E.Xəlilov söyləyib ki, Aprel döyüşlərində düşmənin başlıca məqsədi Gədəbəy istiqamətindəki yüksəklikləri ələ keçirmək olub:
 

"Bununla onlar həm ön xətdəki birləşmələrimiz üzərində strateji üstünlüyə nail olmaq, həm də yaşayış məntəqələrimizə real təhlükə yaratmaq, kəndlərimizi daim müşahidə altında saxlamaq istəyirdilər. Lakin Ordumuzun uğurlu əks-hücumu sayəsində düşmənin niyyəti baş tutmadı.


Əksinə, Lələtəpə yüksəkliyinə nəzarəti bərpa edərək, düşmən postlarının aydın müşahidə olunması üçün əlverişli mövqe tutduq. Hərbi nöqteyi-nəzərdən bu, olduqca vacib idi. Çünki düşmən postu daim müşahidə olunmalıdır. Bu, bizim hərbi mövqelərimizə, yaşayış məntəqələrimizə qarşı ola biləcək hər hansı təxribatın, hücum planının əvvəlcədən müəyyən edilməsi və qarşısının alınmasında mühüm əhəmiyyət daşıyırdı.

Tək Lələtəpə deyil, digər strateji yüksəkliklərə, hərbi təminat yollarına nəzarəti bərpa etməklə, o zaman qarşımıza qoyduğumuz hədəflərə çatdıq".

Sentyabrın 27-dən oktyabrın 13-nə qədər davam edən döyüş yolu

Aprel döyüşlərindən sonra Beyləqandakı hərbi hissəyə qayıdan E.Xəlilov 2020-ci ilin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Sentyabrın 27-dən oktyabrın 13-nə qədər bir çox döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşub: "Aprel döyüşlərindəki təcrübəm nəzərə alınaraq, İkinci Qarabağ müharibəsinə də cəlb olunmuşdum, həmlə qrupunun komandiri idim. Tabeliyimdəki minaatan batareyası Ordumuzun irəliləməsi üçün düşmən mövqelərini davamlı atəşə tuturdu. Talış kəndi, Suqovuşan istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirirdik. Talış kəndinə daxil olan ilk üç bölükdən birinin komandiri olmağımla bu gün də qürur duyuram".

E.Xəlilov yaralanmasından da söhbət açıb:
 

"Oktyabrın 13-də kəşfiyyat məlumatı əldə etdik. Ermənilərin xüsusi təyinatlıları bizdən sol mövqedəki birləşməmizə hücum etməyə hazırlaşırdı. Dərhal həmin istiqamətdə köməyə getdik. Erməni xüsusi təyinatlılarını böyük itkiyə məruz qoyaraq geri oturdandan sonra bizdən soldakı həmlə qrupumuzun yanına doğru hərəkət etməyə, onların vəziyyətini yoxlamağa çalışırdıq.


Elə bu vaxt düşmən minaatanlarla bizim yerləşdiyimiz ərazini atəşə tutdu. Mərmilərdən biri yanımda partladı. Dodağım, başım, ümumən bədənimin müxtəlif yerləri qəlpə yarası aldı. Sağ ayağım dizdən aşağı tamam parçalandı. Gücümü toplayaraq, özümə ilkin tibbi yardımı etdim. Orxan adlı zabit yoldaşım təxminən iki saat sonra məni döyüş meydanından çıxara bildi. Həyatda qalmağımı ona borcluyam. Bakıdakı xəstəxanada sağ ayağım dizdən aşağı amputasiya olundu.

İndi ikinci qrup Qarabağ müharibəsi əliliyəm. Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisi olaraq əmək fəaliyyəti ilə məşğulam. Xalqıma, dövlətimə, Vətənimə daim şərəflə qulluq etdiyim üçün qürurluyam. Ali Baş Komandanımız İlham Əliyevin vurğuladığı kimi, 44 gün ərzində hərbçilərimiz daim irəliləyib, canı-qanı bahasına Vətən torpağının hər bir qarışını düşmən tapdağından azad edib, şanlı tarix yazıblar. Sevinirəm ki, Zəfər Tariximizin yazılmasında mənim də payım var".

Qeyd edək ki, E.Xəlilovun xidmətləri Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

O, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "İgidliyə görə" və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Dövlət tərəfindən mənzillə, avtomobillə təmin olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

End of content

No more pages to load

RADİO