İşğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb.
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib:
"81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş sislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib. Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir”.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media