"Azərbaycanda 13 su anbarın yenidən qurulması məsələsi var. Yengicə və Əlicançay su anbarını qeyd edə bilərik. Suyun dəyəri bizim üçün həyati əhəmiyyət daşıyır. Söhbət suyun qiymətindən yox, dəyərindən gedir. Bunun üçün qanunvericilik bazası hazırlanmalıdır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsi Beynəlxalq Konfransının açılış mərasimində səsləndirib.
O bildirib ki, regionlarda pəncərə prinsipini tətbiq etmək planı var:
"Yəni istəyirik ki, insanlar regionlarda su ilə bağlı bir quruma müraciət etsin. İnsanlarımıza uzun müddətdə etibarlı, dayanıqlı, sağlam suyun təmin edilməsini planlayırıq. Bu işlərin bir gündə, iki ildə görülməsi qeyri-mümkündür. Uzun illər tələb edir. Xüsusilə, maarifləndirmə qısa müddətli proses deyil. Azərbaycanda torpağın müqəddəsliyi, dəyəri var. Suyun dəyərini də anlamalıyıq, qəbul etməliyik. Bundan sonra suyun israf edilməsinin qarşısını ala bilərik.
Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlamaq üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir", - deyə Zaur Mikayılov əlavə edib.
Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media