Moderator.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov haqqında müqayisəli status paylaşıb:
"Cənubi Qafqazın 3 dominant xalqı var. Hər biri öz koloriti ilə seçilir. Hər 3 xalq Rusiya imperiyasının əsarətində olub, demək olar ki, eyni şəraitdə yaşayıb. İmperiyanın son adı SSRİ olub. Bu dövləti haqlamış həmvətənlərimiz İbrahimbəyov, Kikabidze, Cigərxanyan soyadlarını yaxşı tanıyırlar. Hər 3 xalq ayrı-ayrılıqda öz nümayəndəsi ilə o dövrlər fəxr edirdi. Lakin SSRİ dağıldıqdan sonra bu 3 əfsanə ad fərqli talelər yaşadılar. İbrahimbəyov əsasən biznesə girişdi, Kikabidze və 3-cü şəxs səhnə fəaliyyətlərini davam etdirdilər.
Rus imperiyasının "Kəndli və fəhlə diktaturasında" mövcud versiyasının süqutundan 24 il keçir. Videolara diqqətlə baxın. Kikabidze Rusiyanın Gürcüstan və Ukraynaya qarşı yürütdüyü siyasətə etirazını yetkin şəxsiyyət və xalqının vətənpərvər övladı olaraq ifadə edir. Cigərxanyanın həm özünün, həm təmsil etdiyi xalqın mövcudluğunun ruslardan asılı olmasına baxmayaraq, Amerikanı və Rusiyanı obyektiv müqayisə edərək, Rusiyanı bədxah ölkə adlandırır.
Bu 2 qafqazlının fonunda bizim keçmiş fəxarət subyektimiz nə edir? İbrahimbəyov Əliyevlərin lütf və himayəsinə sığınan biznesi, öz təkəbbürü səbəbindən çökdükdən sonra, iqtidara qarşı hikkəsini həyata keçirmək üçün ziyalı olduğunu yadına salır, Milli Şura adlı Kreml layihəsinin əsas personajına çevrilir. Ssenarist-dramaturq bu dəfə Şimalda yazılan ssenarinin baş rolunu ifa etməyə girişir. Bu yarımçıq siyasətçinin debütü fiaskoya uğrayan kimi qaçır oturur Moskvada. Bu gün də özünü "əsl müxalifət" adlandıran Milli Şuranın fəxri sədri Moskvada yaşayır, Putinin Ukrayna kampaniyasını dəstəkləyir, Krımın ilhaqına bərait qazandıran bəyanatlar verir, dolayısı ilə Azərbaycan torpaqlarının rus-erməni tandemi tərəfindən işğalına şəriklik edir.
Bu acı reallığa qətiyyən sevinmirəm, əksinə acıyıram. Nədən biz qonşularımızdan ictimai təfəkkürdə geriyik? Haradan yaranır bu fərq? Təəssüf ki, Sabirin, Məmmədquluzadənin gördüyü, yazıb islah etməyə çalışdığı vəziyyətdə sayırıq. Ola bilər ki, müəyyən qədər inkişaf etmişik, lakin əsasən dəyişməmişik. Bu misal bir daha məğlubiyyətlərimizin ictimai köklərini göstərir. 24 illik müstəqillik dönəmində baş kənd- Bakının ən izdihamlı Nizami küçəsində eşidilən rus dilinin intensivliyi, övladlarını Bakını 90-cı ildə qana bulamış, Xocalı soyqırımında fəal iştirak etmiş, torpaqlarımızın işğalına rəhbərlik etmiş rus zabitinin dilində danışmağa və təhsilə yönəldən 21-ci əsr orta statistik azərbaycanlısının İbrahimbəyov fenomenindən böyük fərqi yoxdur. İnanmıram ki, Kikabidze və Ciyərxanı yetirmiş millətlər müstəqil olduqdan sonra övladlarını hər hansı bəhanə ilə rus bölmələrində oxutsun. Bəlkə də belə irimiqyaslı natamamlıqların səbəbi, zahirən xırda görünən məişət qüsurlarındadır.
Bütün bunlardan təhlükəlisi peşəkar siyasətlə məşğul olan, İbrahimbəyovu təşkilatında rəhbər saxlayan zümrənin Azərbaycana xoş günlər vəd etməsidir. Həmin zümrə İbrahimbəyov misalı, məqsədinə çatmaq üçün istənilən tərəfin layihəsi olmağa hazırdır ki, düşmən gördüyü tərəfdən heyfini ala bilsin.