Sentyabrın 23-də Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir İssam bin Saleh əl-Cuteyl bildirib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər 1991-ci ildən başlayır. İki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər sayəsində hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur.
Səfir qeyd edib ki, hazırda Hökumətlərarası Birgə Komissiya və Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurası vasitəsilə ticarət mübadiləsinin həcminin artırılması və investisiyaların genişləndirilməsi istiqamətində iş aparılır.
O, siyasi sahədə də iki ölkənin və xalqların ortaq maraqlarına xidmət edən koordinasiyanın mövcud olduğunu vurğulayıb.
İssam bin Saleh əl-Cuteyl qarşıdakı dövrdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiya və ticarət dövriyyəsinin həcmini qısa müddətdə iki dəfə artırmağa imkan verəcək bir çox ortaq imkanların olduğunu deyib.
Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid, turizm və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərin davam etdirilməsinə sadiqliyi ifadə edib.
Baş nazirin müavini bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında yaradılmış Hökumətlərarası Birgə Komissiya müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Komissiya dövlət başçılarının əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı verdikləri tapşırıqların həyata keçirilməsini təmin edən səmərəli mexanizmlərdən biridir.
Samir Şərifov hazırda Komissiyanın növbəti iclasına hazırlıq mərhələsində olduqlarını deyib.
Bildirib ki, bu ilin sonunadək Azərbaycan tərəfinin ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulan 9-cu iclas əməkdaşlığın keyfiyyətcə yeni məzmunla zənginləşdirilməsinə töhfə verəcək.
Baş nazirin müavini Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə qardaş Səudiyyə xalqına davamlı sülh, təhlükəsizlik, tərəqqi və firavanlıq arzulayıb, ölkələrimiz arasında mövcud dostluq və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Tədbir bədii hissə ilə davam edib.





Bizim.Media