Türkiyənin ən böyük meqapolisi olan İstanbulda fasiləsiz yağan güclü leysan yağışları genişmiqyaslı daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı iki nəfər həyatını itirib, şəhər infrastrukturu ciddi zərər görüb.
Bizim.Media xəbər verir ki, The Independent nəşrinin məlumatına görə, çərşənbə axşamı axşam saatlarından başlanan güclü yağışlar evləri, iş yerlərini, avtomobil yollarını və yeraltı keçidləri su altında qoyub.
Bəzi rayonlarda 1985-ci ildən bəri qeydə alınan ən yüksək yağıntı miqdarı müşahidə olunub.
Fatih rayonunda 14 yaşlı yeniyetmə ayağını parkdakı gölməçəyə basarkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Sarıyer rayonunda 34 yaşlı qadın səkidə sürüşərək başından aldığı xəsarətlərdən dünyasını dəyişib.
İstanbul Valiliyi və Böyükşəhər Bələdiyyəsi təhlükəsizlik tədbiri olaraq məktəblərdə dərslərin dayandırıldığını, bir çox dövlət qulluqçusunun isə ödənişli məzuniyyətə göndərildiyini açıqlayıb.
Səlahiyyətlilər sakinlərə evdə qalmağı tövsiyə edib, xüsusilə zirzəmi və birinci mərtəbələrdə yaşayanlara gecəni başqa yerdə keçirməyi məsləhət görüblər.
Şəhərdə motosikletlərin hərəkəti isə müvəqqəti olaraq qadağan edilib.
Bizim.Media