Moderator.az tikinti normalarını əla bilən tanınmış mütəxəssis Rahab Qazıyevlə söhbətin ikinci hissəsini oxuculara təqdim edir:
- İndi yaxşı, ya pis, ucuz, ya baha, yerli, ya yersiz, istər Bakıda, istər respublikanın regionlarında yeni yaşayış binaları və digər təyinatlı binalar tikilib və tikilməkdə davam edir. Amma burda niyəsə heç kəsin, bilərəkdən və ya bilməyərəkdən diqqətə almadığı ciddi problemlər var. Bəllidir ki, Bakının kanalizasiya sistemi və digər kommunal xidmət sistemləri milyonluq şəhərin standartlarına hesablanıb. Amma elə indinin özündə Bakıda yaşayan əhalinin sayı 3 milyon civarındadır. Belə bir vəziyyətdə yavaş-yavaş insanların yerləşdiyi binaların hamısı dolandan sonra Bakının kanalizasiya və digər kommunal xidmətləri necə işləyəcək və bu problemlərin həlli üçün nələr edilməlidir?
- Bu problemlərin, xüsusilə də kanalizasiya sisteminin durumu fəlakət həddini çoxdan keçib. Baxın, indi adicə bir az güclü yağış yağan kimi şəhərin dörd bir yanını su basır. Amma tutaq ki, 20-25 il bundan qabaq səhər tezdən yuxudan durub görürdün ki, neçə-neçə maşınlar şəhəri sulayır, onda da indiki kimi yağış da yağırdı, bəzən leysan da olurdu. Ancaq heç bir zaman nəinki bütün küçələri su basırdı, heç orda-burda suyun yığılıb qaldığını da görən olmurdu. Mən o sistemi çox yaxşı bilirəm. Vaxtilə məndə bütöv Bakı şəhərinin kanalizasiya xətlərinin layihəsi də olub. Hələ 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində Bakının mərkəzindəki kanalizasiya xətlərinin hardasa 7000 km-ə yaxını dəyişdirilməliydi.
- 7000 km!?
- Bəli, 7000 km kanalizasiya xətləri hələ o vaxtdan sıradan çıxmışdı və dəyişdirilməliydi. Hətta o vaxt biz bu xətlərin bir hissəsinin əsaslı təmir və bərpasına başlamışdıq. Indiki Bülbül prospektindən başlayaraq, həmin xətləri 600-lük dəmir-beton borularla əvəz edirdik və bu xətlər Hövsandakı nasosxanaya qədər gedib çıxırdı. Ondan sonra mən Bakı şəhərində kanalizasiya xətlərinin əsaslı şəkildə dəyişdirildiyini görməmişəm. Köhnə xətlər o vaxtdan necə qalbsa, eləcə də durur. Özü də durumun fəlakət halında olduğunu hökumətdə təmsil olunanların özləri və “Azərsu”x9d da daxil, digər aidiyyatlı qurumlar da inkar eləmirlər. Hamı fərqindədi ki, bu xətlər dəyişməlidir, amma ortada konkret iş yoxdu. Həm də bu çox böyük bir işdi. Bir anlıq təsəvvür eləyin ki, bunun üçün şəhərin hər yeri qazılmalıdı. Hətta bir ara söhbət də getdi ki, kanalizasiyaların dəyişilməsi haqda layihələr hazırlanır. İndi söhbət heç də ondan getmir ki, kanalizasiyalardan axıdılan tullantılar üzə çıxmır və şəhərin küçələri, meydanları bu tullantıların altında qalıb ətrafa üfunət və yoluxucu xəstəliklər saçmır. Sadəcə bu hələlik belədir və xətlər yenidən əsaslı təmir və bərpaya məruz qalmasa, o gün də uzaqda deyil. Amma elə günü bu gün, biz görməsək də, yerin altındakı xətlərdən müəyyən miqdarda sızmalar var və sızmaların miqdarı hər gün bir az da artır. Bu cür sızmalar gələcəkdə şəhərin müxtəlif ərazilərində ciddi torpaq sürüşmələri ilə nəticələnə bilər ki, bunun da nəticəsində baş verəcək fəlakətlərin miqyası barəsində nəsə deməyə ehtiyac yoxdur və bu haqda indidən nəsə demək olmaz. Yəni, məsələnin bu tərəfi də var və Bakı şəhərinin kanalizasiya sistemi tam şəkildə yenilənməli və əsaslı təmirə, bərpaya, bir çox hallarda isə yenidən qurmaya, layihələnərək tikilməyə məruz qalmalıdı.
- Belə bir məsələyə peşəkarlıq nöqteyi-nəzərindən münasibətiniz maraqlıdı. Axı bu ölkə, bu şəhər heç vaxt başsız, böyüksüz durumda olmayıb ki? Bir milyonluq şəhərə qısa müddət ərzində, az qala 4 milyon insanların yerləşdiyini bilə-bilə yer üstündəki tikililəri inşa etməzdən öncə yeraltı komunikasiyaları, xüsusən də kanalizasiya xətlərini adekvat duruma gətirmək lazım deyildimi?
- Əgər biz indi qəsəbələri götürməsək, əsasən şəhərin mərkəzi və bir az da kənar hissələri yuksək binalarla, belə demək mümkünsə, doldurulub. Baxın, bu binaların hamısında kanalizasiya sistemi mövcuddu. Sadəcə indi özlərini iş adamı sayan və bu binaları tikən adamlar, tikdikləri həmin binaların kanalizasiya xətlərinin hara qoşulacağını və həmin xətlərin necə işlədiyini öyrənməliydilər. Və elə o zaman da hər kəs öz tikdirdiyi binaların əhatəsində olan kanalizasiya xətlərinin bərpasını da həyata keçirə bilərdi. Onlar özləri bunu ya bilməsələr, ya da istəməsələr belə, həmin əraziləri tikinti üçün onlara verən səlahiyyətli orqanlar, bu məsələni müqavilə şəklində onların qarşısına öhdəlik kimi qoymalıydılar. Əslində o zamandan bu işlər bu qaydada həyata keşirilsəydi, görüləcək işlər o qədər də baha başa gəlməzdi. Hətta bir çox iş adamları bu təşəbbüsə məmnuniyyətlə qoşulardılar.
- Bəs o zaman yerin alınmasına, verilməsinə, müəyyən lazımlı, ya da lazımsız lisenziyaların əldə olunmasına görə verilən və ya alınan böyük miqdarda rüşvət necə olacaqdı?
- Bilmirəm, mən heç kimdən nə rüşvət almamışam, nə də heç kimə rüşvət verməmişəm. Və heç indi də belə halların mövcudluğundan xəbərim yoxdu. Çünki mən artıq uzun illərdi ki, bu sahədən uzaqlaşdırılmışam. Sadəcə, indi sizin sualınıza cavab olaraq bu məsələləri ona görə dedim ki, heç olmasa lap başından işlərə bu cür məsuliyyətli və anlayışlı yanaşma olsaydı, Bakı şəhərinin istər kanalizasiya xətlərinin, istərsə də digər yeraltı komunikasiya sistemlərinin xeyli hissəsi müasir standartlara uyğun şəkildə bərpa edilmiş olardı. Belə götürəndə, bunları bilmək üçün ya mütəxxəssis, ya da alim olmağa ehtiyac da yoxdu ki. Dünyanın hər yerində inşaatın qaydaları belədi ki, əvvəl bütün yüraltı kommunikasiyalar tikilir, inşa olunur, ardınca isə yerüstü işlər görülür, şəhərlər salınır, qəsəbələr tikilir. Baxın, bu yaxınlarda, son vaxtlar qədərindən artıq böyüdülmüş Masazır qəsəbəsındə torpaq sürüşməsi oldu. Özləri də etiraf elədilər ki, burda kanalizasiya xəttləri yoxdu deyə, müxtəlif vasitələrlə yerin altına axıdılan tullantılar, torpağın sürüşməsinə səbəb oldu.
- Rahab bəy, olanlar oldu və əvvəl necə sürətlə, ən azı yerüstü Bakıda təmir və bərpa işləri gedirdisə, indi ondan da artıq sürətlə söküntü işləri gedir. Bu yanda da Avropa oyunlarının başlanmasına 5-10 gün qalıb. Əslində prezident də bildirdi ki, bu faciənin qarşısında Avropa oyunları boş şeydi. Amma sizcə, bundan sonra vəziyyətin normala qayıtması üçün neyləmək olar və bir mütəxxəssis kimi siz özünüz nə edə bilərsiniz?
- Birincisi mən onu deyim ki, başqalarından fərqli olaraq, Avropa oyunları haqqında başqa cür düşünürəm. Mən də qəzetlərdə və saytlarda oxuyanda görürəm ki, əksər insanlar bu oyunların Bakıda keşirilməsinə nikbin yanaşmırlar, hətta bəzən bu oyunlara qarşı açıq etiraz da bildirirlər. Şəxsən mən Avropa oyunlarının Bakıda keçirilməsinə razıyam. Ayrıca da, bu oyunlarla bağlı Bakıda tikilən idman qurğularıya bağlı, adamlar nəsə soruşanda, hamıya deyirəm ki, mən bir inşaatçı kim, təcrübəli mütəxəssis kimi bütün tikililərin tərəfdarıyam. Və bu gün də fürsətdən istifadə eləyib, faciə zamanı əziyyət çəkənlərin halına acıdığımı, həyatını itirənlərə görə isə üzüldüyümü bildirirəm. Allah əziyət çəkənlərə səbr versin, ölənlərə rəhmət eləsin. Indiki durumda bütün olanların fonunda, bir mütəxəssis kimi baş verənlər məni də ağrıdır. Belə bir məqamda prezidentə də, prezident tərəfindən yaradılan komissiya üzvlərinə müraciət edərək bildirirəm ki, inşaatçı-mühəndis, təcrübəli mütəxəssis kimi, Avropa oyunları başlayana qədər, gecə və gündüz təmənnasız olaraq, görülən və görüləcək bütün işlərdə iştirak eləməyə hazıram. Heç bir təmənna güdmədən həmin yanan binanın təmirində və bərpasında, eləcə də söküntü və rənglənmə işlərində əlimdən gəldiyi qədər çalışmaqla, indiki durumda dövlətə dəstək olmağı özümə vətəndaşlıq borcu bilirəm. Yaşım bir az çox olsa da, canım hələ sağlamdı və belə bir vəziyyətdə vətənimə, dövlətimə dəstək naminə işləyə bilmək üçün kifayət qədər enerjim də var. Onu da deyim ki, kimlərin necə düşünməsindən asılı olmayaraq, mən heç vaxt siyasət adamı olmamışam. Özümü də orda görmürəm. Bu tip faciəli hadisələrin də, az və ya çox dərəcədə siyasiləşdirməyin tərəfdarı deyiləm. Sadəcə ortada hamımızın başına gələn bir faciə var və hamılıqla bu faciəni aradan qaldırmağa calışmalıyıq. Bu faciədən və onun fəsadlarından üzüağ çıxmaq üçün elə çalışmalıyıq ki, Avropa oyunları ilə bağlı gələn qonaqlar şəhərimizi gözəl görsünlər. Bakı şəhəri həqiqətən də gözəl şəhərdir.