Masazır qəsəbəsinin Xurşidbanu Natavan küçəsində avqustun 2-si səhər saatlarında elektrik gərginliyinin 420 volta yüksəlməsi nəticəsində 15 həyət evində müxtəlif məişət avadanlıqları sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, sakinlərin Baku TV-yə bildirdiklərinə görə, hadisədən sonra əraziyə baxış keçirilsə də, dəymiş zərərin qarşılanmayacağı deyilib.
"Qabyuyan maşın, mikrodalğalı soba, televizor yanıb. Bütün qonşularda vəziyyət belədir", - sakinlərdən biri qeyd edib.
"Mən bunları güclə, kreditlə almışam. Burada 15 həyət evi var. 15 evin hərəsində bir şey yanıb. İndi bizim günahımız nədir? Heç nəyi düzəldə bilmirik. Bizim bir xahişimiz var, gəlib bir əlac etsinlər", - başqa bir sakin deyib.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, əraziyə baxış keçirilib və sözügedən küçədə heç bir qəza halı qeydə alınmayıb:
"Vətəndaşın avadanlıqlarındakı nasazlıq mənzilin daxilində yaranan problemdən qaynaqlanıb. Bununla belə, vətəndaşa yerində texniki köməklik göstərilib və problem aradan qaldırılıb".
Bizim.Media