Rusiyanın Krasnodar diyarında yerləşən neft bazalarından birində güclü yanğın baş verib. Hadisə Ukrayna tərəfindən həyata keçirilən kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Krasnoarmeysk rayonunun rəhbəri Aleksandr Xaritonov açıqlayıb.
Rayon rəhbərinin sözlərinə görə, hücum zamanı zərərsizləşdirilən PUA-ların qalıqlarının obyektin ərazisinə düşməsi nəticəsində "Poltavskaya" neft bazasında yanğın alovlanıb. Hazırda hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və təcili xidmət əməkdaşları cəlb olunub.
Kuban regional operativ qərargahından verilən ilkin məlumata görə, insident nəticəsində xəsarət alan və ya ölən olmayıb.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, ötən gecə ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus ümumilikdə 269 pilotsuz uçuş aparatı vurularaq zərərsizləşdirilib.



Bizim.Media