Cənubi Afrikada itkin düşən otel sahibinin meyiti timsahlarla dolu çayda aparılan əməliyyat nəticəsində tapılıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasının Mpumalanqa əyalətində, Komatipoort qəsəbəsi yaxınlığında baş verib.
Belə ki, polis əməkdaşları güclü sel zamanı yoxa çıxan 59 yaşlı otel sahibi Gabriel Batistanın axtarışına çıxıblar.
Onlar dörd gün ərzində ərazini pilotsuz uçuş aparatları ilə yoxladıqdan sonra şübhəli böyük timsahı müəyyən ediblər. Daha sonra heyvan zərərsizləşdirilib və helikopter vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb.
Əməliyyat zamanı polis dalğıcı helikopterdən kəndirlə timsahın olduğu əraziyə endirilib. Daha sonra yarım ton çəkisi olan yırtıcının cəsədi yaxınlıqdakı Kruger National Park ərazisinə aparılıb və orada müayinə edilib.
Nekropsiya zamanı timsahın mədəsindən iki kəsilmiş qol, qabırğa hissəsi və müxtəlif toxuma qalıqları aşkar olunub. Həmçinin heyvanın mədəsindən çıxan barmaqlardan birində Batistaya aid olduğu ehtimal edilən üzük tapılıb. Meyitin kimliyinin dəqiqləşdirilməsi üçün DNT analizləri aparılır.
Bundan başqa, timsahın mədəsindən altı cüt ayaqqabı da çıxıb. Onların Batistaya aid olmadığı müəyyən edilib. Bu fakt mütəxəssislər arasında timsahın uzun müddət ərzində çayda itkin düşən və ya boğulan insanlara hücum etmiş ola biləcəyi ehtimalını gündəmə gətirib.
İlkin ehtimallara görə, Batista sel altında qalan körpüdən keçmək istəyərkən avtomobili axına düşüb.
Onun nəqliyyat vasitəsindən çıxdıqdan sonra güclü su axını ilə çaya sürükləndiyi və timsahın hücumuna məruz qaldığı güman edilir.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır.
Bizim.Media