ABŞ-da United Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxunub.
Bizim.Media xəbər verir ki, hadisə Nyu-Cersi ştatında, Newark Liberty beynəlxalq hava limanına eniş zamanı baş verib.
Məlumata görə, İtaliyanın Venesiya şəhərindən gələn Boeing 767-400 tipli təyyarə enişə yaxınlaşarkən New Jersey Turnpike avtomobil yolunda işıq dirəyinə və yük maşınına toxunub.
Buna baxmayaraq, hava gəmisi təhlükəsiz şəkildə eniş edib. Təyyarədə olan 221 sərnişin və 10 ekipaj üzvündən heç kim xəsarət almayıb.
Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarətlər alıb. Onun xəstəxanaya aparıldığı və daha sonra evə buraxıldığı bildirilir. İşıq dirəyinin isə yaxınlıqdan keçən “Jeep” markalı avtomobilə də dəydiyi qeyd olunur.
United Airlines hadisədən sonra təyyarənin texniki baxışa göndərildiyini, ekipajın isə daxili təhlükəsizlik araşdırması başa çatanadək uçuşlardan kənarlaşdırıldığını açıqlayıb.
ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmaya başlayıb.
Bizim.Media