Şabran rayonunda martın 28-də və 4-5 aprel tarixlərində yağan güclü leysan yağışları və sel rayonun yol-körpü təsərrüfatına ciddi ziyan vurub.
Bizim.Media-ya daxil olan məlumata görə, təbii fəlakət nəticəsində kənd yollarında sürüşmələr və körpü uçmaları qeydə alınıb.
Zərər görən ərazilərdən biri də Xəlfələr kəndidir. Dəvəçiçaya gələn güclü sel kəndin mərkəzindən keçən piyada körpüsünü yuyub aparıb. Nəticədə kənd iki hissəyə bölünüb və yaşayış məntəqəsinin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, son 25 gün ərzində rayonda müşahidə olunan güclü sel ümumilikdə 11 körpünü dağıdıb.
Qurumdan verilən məlumata görə, hazırda 5 magistral körpü bərpa olunub. Digər 6 kənd körpüsünün bərpası istiqamətində isə intensiv iş aparılır.
Bor-Bor-Padar kənd körpüsü artıq bərpa edilib. Digər 5 kənd körpüsünün, o cümlədən Xəlfələr kəndindəki piyada körpüsünün də bərpası planlaşdırılır.
Bildirilib ki, yaşayış məntəqələrinə gedən əsas körpülərin bərpasından sonra Xəlfələr kəndinin piyada körpüsü də təmir ediləcək.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu