Dövlət teatrlarında idarəetmə sistemindəki islahatlar çərçivəsində təyinatlar həyata keçirilir.
Bizim.Media-nın sorğusuna cavab olaraq Milli Gənc Tamaşaçılar Teatrından bildirilib ki, yeni islahatlar səmərəlilik, təkmilləşdirmə, effektiv yaradıclıq potensialına təkan vermək məqsədi daşıyır.
Bildirilib ki, yeni islahatlarla əlaqədar olaraq şöbə və bölmələr üzrə bir sıra təyinatlar həyata keçirilib.
Belə ki, strategiya və kommunikasiya şöbəsinin müdiri Bəhmən Hüseynov, repertuar və dramaturgiya üzrə mütəxəssis Rafiq Rəhimli, geyim və səhnə tərtibatı şöbəsinin müdiri Zəminə Elbir, artist heyətinin bölmə müdiri Ələsgər Muradxanlı, işıq üzrə rəssam Vadim Kuskov, səhnə quraşdırılması bölməsinin müdiri Zaur Abasov, texniki təyinat şöbəsinin müdiri Rasim Səttarov təyin olunub.
Qeyd edilib ki, hazırda teatrda 11 nəfər üzvü olan bədii şura fəaliyyət göstərir. Onlar kollektiv şəkildə həm yaradıcılıq, həm təltifolunma, həm də aktyor dərəcələrinin artırılması məsələlərini nəzarətdə saxlayır, eyni zamanda, repertuar siyasətinin düzgün aparılmasından ötrü mülahizələrini bildirir, məsləhətlərini verirlər. Bu da yeni yaradıcılıq axtarışlarına səbəb olur.
Həmçinin, teatrdan baş rejissor vəzifəsi üzrə mütəxəssis olmadığı üçün bir neçə ildir teatrda bu vəzifənin vakant olduğu vurğulanıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından isə saytımıza bildirilib ki, mövcud vəziyyət və ehtiyaclar nəzərə alınmaqla, bu istiqamətdə müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib. "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.
Günay Şahmar, Bizim.Media