Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞ PA-nın yanvar sessiyasında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qətnamə layihəsi hazırlayaraq qurumun katibliyinə təqdim etmişdi.
Azərbaycanlı deputat girovların ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair müraciət ünvanlamışdı.
E.Süleymanovun dediyinə görə, katibliyə təqdim etdiyi “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair”x9d adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanıb. AŞ PA-nın prosedur qaydalarına əsasən isə qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir.
Deputatın verdiyi məlumata görə, AŞ PA-nın Sədarət Komitəsinin 5 mart tarixli iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb. İclasda həmin sənədin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair”x9d hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Növbəti addım kimi sənədə Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul edilməlidir.
E.Süleymanov deyib: “Son 2 il ərzində mən AŞ PA-ya üç qətnamə layihəsi təqdim etmişəm. Bu sənədlərin hər üçü Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və ərazilərimizin işğal edilməsi və işğalın 23 ildən artıq müddət ərzində davam etməsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır. Birinci sənəd 23 ildən artıq müddət ərzində işğal altında qalmış Sərsəng su anbarının Azərbaycanın 6 cəbhəyanı rayonlarında törədəcəyi humanitar və ekoloji fəlakət vəziyyətinin təhdidləri ilə bağlıdır. Bu təklif üzrə Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan AŞ PA üzvü Meliça Markoviç məruzəçi təyin edilib. Məruzəçi artıq bu ilin yanvar ayında ölkəmizə ilkin səfər edib, Azərbaycanın Sərsəng su anbarında yaranmış təhlükəli vəziyyətlə bağlı əziyyət çəkən cəbhəyanı rayonlarında görüşlər keçirib.
AŞ PA-ya təqdim etdiyim ikinci sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair”x9d qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində böyük britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Biz bu sənəd vasitəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır və o, 11-15 mart tarixlərdə mandatı çərçivəsində ölkəmizə səfər edəcək".
Deputat bildirib ki, hər iki qətnamə layihəsini irəli sürdükdən sonra AŞ PA-da anti-Azərbaycan qüvvələrin böyük müqaviməti ilə üzləşib: “Bu qətnamə layihələrinin qarşısının alınması və gündəlikdən çıxarılması istiqamətində AŞ PA rəhbərliyi və Katibliyinin birbaşa iştirakı ilə bütün anti-Azərbaycan qüvvələr, erməni lobbiləri səfərbər olundular. Biz onların müqavimətini dəf edə bildik və birinci mərhələni uğurla başa vurduq. İnanmaq istərdik ki, məruzəçilər öz məruzələrini hazırlayarkən obyektivlik və prinsipiallıq nümayiş etdirəcəklər. Nəhayət, 2015-ci il AŞ PA-nın yanvar sessiyası zamanı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini təqdim etdim. Bu, son iki il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində yaranmış vəziyyətə dair AŞ PA-ya təqdim etdiyim 3-cü qətnamə layihəsidir. Hesab edirəm ki, Sədarət Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞ PA-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır”x9d.
musavat.com