Nvidia-nın baş direktoru Censen Huangın harada və kiminlə şam etməsi artıq qlobal maliyyə bazarlarında ayrıca bir fenomenə çevrilib.
Bizim.Media xəbər verir ki, izləyicilər onun qastronomik səfərlərini izləmək üçün xüsusi bloqlar ("Jensen Eats") yaradıblar, çünki bu şam yeməkləri tez vaxtda səhmlərin kəskin bahalaşmasına səbəb olur.
2024-cü ildə Oracle-ın qurucusu Larri Ellison və İlon Maskın Censen Huangı Palo-Altodakı "Nobu" restoranına şam yeməyinə dəvət etdiyi məlum olub. Ellison həmin görüşü "biz Censenə yalvarırdıq ki, daha çox qrafik prosessor (GPU) versin və pulumuzu götürsün" sözləri ilə xatırlayıb.
İyun ayında Huang Seulda SK Group, LG Group rəhbərləri və Naver-in qurucusu ilə şam yeməyində görünüb. Bu görüşdən əvvəl LG-nin səhmləri təxminən 30% bahalaşıb.
Huangın sadəcə yerli yeməklər dadması belə bazara təsir edir. Məsələn, ötən il onun Samsung və Hyundai rəhbərləri ilə toyuq yeməyə getməsindən sonra quş əti emalı şirkətlərinin və hətta toyuq bişirən robotlar istehsal edən startapın səhmləri artmışdı.
Nvidia rəhbərinin özünün də zarafatla qeyd etdiyi kimi, onunla bir masada əyləşmək və ya sadəcə eyni yerdə yemək yemək investorlar üçün növbəti böyük qazanc şansına çevrilir.
Bizim.Media