"Hidayət Heydərov oktyabrda Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxacaq".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, yığmanın heyəti hələ tam dəqiqləşməyib:
"Elcan Hacıyevin yarışda iştirakı hələlik sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın yekun heyəti daha sonra açıqlanacaq".
Xatırladaq ki, Hidayət Heydərov son olaraq Çinin Sindao şəhərində keçirilən Qran-pridə 81 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb və bürünc medal qazanıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq.
Bizim.Media