Futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin ikinci turu çərçivəsində Belçika yığması ilə qarşılaşacaq İranın milli komandası rəsmi oyunun startına cəmi bir gün qalmış Los-Ancelesə çatib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" agentliyi yayıb.
İran nümayəndə heyəti şəhərin Manhetten-Biç rayonunda yerləşən və təhlükəsizlik mülahizələrinə görə kənar şəxslərin girişi tamamilə məhdudlaşdırılan oteldə yerləşib. Otel binasının ətrafında xüsusi hüquq-mühafizə postları qurulub, polis maşınları isə bitişik yollarda növbə çəkərək mərkəzi girişi nəzarətdə saxlayır.
Sərt qaydalar: İran hər matçdan sonra Meksikaya qayıtmağa məcburdur
İran millisinin turnirə bu dərəcədə gec qatılmasının səbəbi ABŞ rəhbərliyinin tətbiq etdiyi sərt viza və ölkədə qalma qaydalarıdır. Mövcud məhdudiyyətlərə əsasən, komandanın oyun günlərindən kənar vaxtlarda ABŞ ərazisində qalması qadağan edilib.
Bu səbəbdən iranlı futbolçular qitə birinciliyində keçirdikləri hər matçdan dərhal sonra turnirin digər ev sahibi olan Meksikaya geri qayıtmaq məcburiyyətində qalırlar.
İran Futbol Federasiyası rəsmi Vaşinqtonun tətbiq etdiyi bu xüsusi rejimin çempionatda iştirak edən komandalar üçün "bərabər şərait" prinsipini kobud şəkildə pozduğunu bəyan edib. İran tərəfi yaranmış diskriminasiya və logistik çətinliklərlə bağlı yaxın saatlarda Beynəlxalq Futbol Federasiyasına (FIFA) rəsmi şikayət məktubu ünvanlamağa hazırlaşır.
Bizim.Media