Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolun oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib.
Bizim.Media xəbər verir ki, yeniliklər oyunun tempini artırmaq və vaxt itkisini minimuma endirmək məqsədi daşıyır. Dəyişikliklər 2026-cı il dünya çempionatı da daxil olmaqla bütün rəsmi turnirlərdə tətbiq olunacaq.
Yeni qaydalara əsasən, aut və qapı zərbələri üçün 5 saniyəlik geri sayım tətbiq ediləcək. Müddət aşılarsa, aut atışı rəqib komandaya veriləcək, gecikdirilən qapı zərbəsi isə künc zərbəsi ilə nəticələnəcək.
Oyunçu dəyişiklikləri ilə bağlı da yenilik var. Dəyişdirilən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Əks halda, meydana daxil olan oyunçu 1 dəqiqə gözləməli olacaq.
Zədə alan futbolçuya tibbi yardım göstərildikdən sonra o, ən azı 1 dəqiqə meydandan kənarda qalacaq. Bu müddət oyunun axar vaxtı ilə hesablanacaq.
VAR sisteminin tətbiq dairəsi genişləndirilib. Bundan sonra səhv verilmiş ikinci sarı vərəqə nəticəsində göstərilən qırmızı vərəqə, yanlış futbolçuya verilən kart və açıq-aşkar səhv təyin edilmiş künc zərbələri də videoköməkçi hakim tərəfindən nəzərdən keçirilə biləcək.
Bundan başqa, qapıçıların vaxt uzatmağa yönəlmiş taktiki zədələnmələri ilə bağlı sınaq mexanizmi tətbiq olunacaq.
2026/2027 mövsümündən qüvvəyə minəcək əlavə dəyişikliklərə əsasən, yoxlama oyunlarında 8 (razılaşma ilə 11-ə qədər) oyunçu dəyişikliyinə icazə veriləcək, təhlükəsiz şəkildə örtülmüş avadanlıqlardan istifadəyə şərait yaradılacaq, təşkilatçı qurumların istəyi ilə hakimlər üçün bədən kamerasının tətbiqi mümkün olacaq.
Həmçinin hava atışı zamanı topun əvvəlki mövqeyini itirməyən komandaya verilməsi dəqiqləşdirilib, penalti zərbəsi zamanı "ikiqat toxunuş"la bağlı müddəa qaydalara əlavə edilib. Əgər üstünlük tətbiq edildikdən sonra qol vurularsa, açıq qol imkanını pozan oyunçuya əlavə intizam cəzası verilməyəcək. Yarı avtomatik ofsayd texnologiyası və ofsaydla bağlı sınaqların davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, dəyişikliklər IFAB-ın rəsmi qərarı əsasında qəbul olunub.
Bizim.Media