Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün- sentyabrın 28-də Strasburqda işinə başlayıb.
Dördüncü payız sessiyasında ilk olaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəyə müşahidəçi göndərilməsi müzakirə edilib. Bu barədə Musavat.com-a sessiyada müşahidəçi qismində iştirak edən Nigar Yaqublu məlumat verib. Bəzi parlamentarilər Azərbaycana müşahidəçi missiyasının göndərilməsinin eleyhinə olublar.
N.Yaqublu bildirib ki, uzun müzakirədən sonra ispaniyalı parlamentari Jordi Xuclanın rəhbərliyi ilə 32 nümayəndənin göndərilməsi səsverməyə çıxarılıb və qəbul olunub. Səsvermədə 17 nəfər lehinə, 10 nəfər əleyhinə səs verməklə qərar qəbul edilib.
Qeyd edək ki, sessiyanın əsas mövzusunun Avropadakı miqrasiya böhranına humanitar və siyasi yardım olacağı bildirilir. Həmçinin, pasiyentlərin hüquqlarının qorunması və ictimai sağlamlığa əczaçılıq sənayesinin həddindən artıq təsirinin qarşının alınması üzrə debatlar keçiriləcək, həmmüəlliflərdən birinin Milli Məclisin deputatı Rafael Hüseynovun olduğu “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış haqqında”x9d məruzə təqdim ediləcək.
Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələ, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) fəaliyyəti müzakirə olunacaq. Bundan başqa, sessiyada növbəti beş il üçün qurumun yeni baş katibi seçiləcək.
Sessiya oktyabrın 2-dək davam edəcək.