Politoloq Ərəstun Oruclu diqqətçəkən statusla çıxış edərək üstüörtülü şəkildə özünün də həbs təhlükəsinin mövcudluğuna toxunub və hakimiyyətə sərt ismarıclar göndərib:
"Təxminən 3 ay əvvəl Avropa ölkələrindən birinin səfirliyində bir neçə aparıcı dövlətin səfirinin və beynəlxalq təşkilatların nümayəndələrinin ölkənin ictimai-siyasi fəalları ilə görüşü keçirilirdi. Görüş zamanı Azərbaycan üçün IŞID təhdidindən danışarkən, bu terrorçu təşkilatın sıralarında təxminən 850 - 1200 Azərbaycan vətəndaşı olduğunu bildirdim. Görüşdə iştirak edən bir hakimiyyət qulbeçəsi məni yalan danışmaqa ittiham elədi, halbuki bizdə olan məlumata əsasən səlahiyyətli dövlət orqanlarının ölkə rəhbərliyinə təqdim etdiyi hesabatda bu rəqəm 1500 nəfər göstərilib. Son günlər terrorçu təşkilatla bağlı yayılan məlumatlarda və Türkiyədə aparılan həbslərdə azərbaycanlı radikalların xüsusi diqqət çəkməsi artıq ciddi qəbul edilməli siqnaldır. Qanunsuzluq, haqsızlıq və ədalətsizlik mənbəyi olan Azərbaycan tipli idarəetmə sisteminə malik dövlətlər IŞID və bu qəbildən olan təşkilatlar üçün münbit şəraitdir. Bu isə təhlükənin miqyasını bir qədər də böyüdür.
Bu fonda ölkənin siyasi müxalifəti və vətəndaş cəmiyyəti fəalları üzərində "məhkəmələr" quran və mən də daxil olmaqla yerdə qalanları həbslə təhdid edən iqtidar başbilənlərinə isə bir tövsiyyəm var: birdəfəlik hamını şərləyib atın içəri, bizlər onsuz da sizin üçün opponent deyilik artıq. Belə davam etsə, bu işi ən yaxşı bacaran elə IŞID olacaq. Müdriklərimiz hədərdən deməyib ki, dinsizin öhdəsindən imansız gələr."