Məşhur analitik və publisist Mirzə Xəzər Moderator.az və "Hürriyyət" qəzetinə açıqlamasına Milli Məclisin spikeri Oqtay Əsədovun Azərbaycanda rus dilinə olan qayğı və ehtiramla bağlı səsləndirdiyi bəyanata münasibət bildirib, habelə ölkəmizdə ana dilinin mövcud durumunu dəyərləndirib:
“Oqtay
Əsədovun bəyanatına təəccüblənmək yox, təəssüflənmək lazımdır. Ona görə təəccüblənmək
lazım deyildir ki, Oqtay Əsədov SSRİ mövcud olan illərdə Azərbaycana rəhbərlik
edən kommunist rəhbərliyin yolunu gedir. O illərdə də Kremlin Azərbaycanda
siyasətini yeridən nomenklatura rus dilinə böyük ehtiram və qayğı göstərildiyini,
rus dilinin təbliğinə xüsusi diqqət yetirildiyini dönə-dönə hər fürsətdə
Moskvaya sübut etməyə çalışmışlar. Beynəlmiləlçilik pərdəsi altında milli
şüurun zəiflədilməsi siyasəti yeridilirdi. Qəribə orasıdır ki, Ermənistanda və
Gürcüstanda yerli dillərin mühafizə edilməsinə, təbliğ olunmasına rus dilinin təbliğindən
daha çox diqqət yetirilirdi. Nəticə göz qabağında idi: Azərbaycanda ana dilini
səlis, mükəmməl bilənlərin sayı azalırdısa, Ermənistanda və Gürcüstanda ana
dilini rus dilinə qurban verən erməni və gürcülərin sayı azalırdı. Azərbaycanda
rus dilini bilmədən elmdə, siyasətdə, incəsənətdə və həyatın bütün sahələrində
hər hansı bir ciddi mövqeyə çatmaq qeyri-mümkün idi. Üstəlik vətəndaşların bir
hissəsinin öz dilinə ekzotik "çuşka" dili kimi yanaşması da
ruslaşmaya yardım edirdi. Amma o dövrün ziyalı zümrəsi, qələm sahibləri, şair və
ədiblər ana dilinin təmizliyini qorumaq, ana dilini təbliğ etmək, ruslaşdırma cəhdlərinə
müqavimət göstərmək üçün mübarizə aparırdılar. Bu gün belə bir mübarizənin
aparılmadığının şahidiyik. Təəssüf ki, Azərbaycan müstəqilliyini elan edəndən
23 il sonra da yerli məmurlar Moskvanın təmsilçisinə Azərbaycanda rus dilinə
böyük ehtiram və qayğı göstərildiyini and-aman edərək sübut etməyə çalışırlar.
Və təəssüf ki, bu gün də Ermənistanda və Gürcüstanda ana dili əsl dövlət dili
olaraq hegemonluğunu hifz edir, Azərbaycanda isə əksinə, ana dilinin zərərinə
rus dilinə üstünlük verilir. Bu səbəbdən demək olar ki, 90 ildir rus dilinə
ehtiramın olduğu Azərbaycanda zehniyyət dəyişmədən qalıb-doğma ana dilinə
lazımi qayğı və hörmət hələ də yoxdur və yüksək dövlət postlarına təyin edilən
şəxslərin ana dilində səlis danışması tələb olunmur. Tələb edilmədiyi üçün vətəndaşların
ana dilinə biganə yanaşması labüddür. Qonşu Ermənistanda və Gürcüstanda isə tələb
edilir. Tiflis və Yerevanda ana dilini səlis bilməyən bir dənə erməni və ya
gürcüyə rast gəlmək olmaz. Bunun tam əksinə, Bakıda Azərbaycan dilində səlis
danışa və düzgün yaza bilməyən azərbaycanlılara hər addımda təsadüf etmək
olur...”
Seymur
Əliyev