Türkiyədə yaşayıb, fəaliyyət göstərən aktrisa Məlahət Abbasovanın 19 yaşlı oğlu Uğur Qarabağda vuruşmaq arzusundadır.
Cəbhə bölgəsindəki gərginliyə Türkiyədən reaksiya verən əməkdar artistin sosial şəbəkədə paylaşdığı fikirləri maraqla qarşılanıb.
Məlahət xanım 14 şəhid verən Azərbaycan üçün oğlu ilə birgə yandığını bu cümlələrlə ifadə edib:
“Yadıma bir əhvalat düşdü. “1001 gecə” serialının olduğu dönəmlər idi. Oğlumla yayda Bakıya getmişdim. Gecə evimizin telefonu çaldı. Zəng edən çox sevdiyim dəyərli dostum Qənirə Paşayeva idi. Hal-əhval tutduqdan sonra dedi ki, hazırlaş, maşın göndərirəm, bərabər Tovuza gedirik. Sərhədyanı postda əsgərlərlə görüşümüz olacaq. Onlara mənəvi dəstək vermək üçün konsert verəcəyik. Heç düşünmədən “oğlumla gəlirəm” dedim. O gecə bacım, anam demişkən kişi qeyrətli Aybəniz Haşımova və onun “Bülbüllər” ansamblı ilə bərabər yola çıxdıq. Düşmən postu yüksək bir təpədəydi, dəqiq görünürdülər. Arada heç bəlkə də 1 km yox idi. Hər an hər şey ola bilərdi. Amma bizim üçün o anda əsas əsgərlərimizin sevinciydi. Bizi, sənət insanlarını görəndə onların parıldayan gözlərini heç bir zaman unutmayacam. Oğlum hələ də unutmayıb o əsgərləri. Keçən gün savaş xəbərlərini oxuyub məndən soruşdu ki, “ana, niyə məni Azərbaycan vətəndaşı etmədin?”.
Onu demək istəyirəm ki, əsgərlərimizin indi mənəvi dəstəyə çox ehtiyacı var. Sənət insanları olaraq qorxmadan onların yanında olaq. Allah eşqinə, Elşad Xose və ya filankəs bunu dedi - onu dedi” kimi söhbətləri bir kənara qoyun. Bir olaq. Kimsə kimi isə sevmək zorunda deyil. Amma Vətən üçün, şəhidlərimizin xatirinə birləşməliyik. Allah şəhidlərimizə rəhmət etsin. Bundan sonra heç bir ananın gözü yaşlı qalmasın. Amin”.
anspress