Millət vəkili Zahid Oruc çağırış əsasında formalaşan çoxsaylı ordudan imtina etməyi və bunun əvəzində mobil ordu formlaşdmağı təklif edib. Millət vəkilinin fikrincə, bu, çoxsaylı şəxsi heyətin saxlanılması üçün gərəkli olan xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, ordunun peşəkarlığının artırılması baxımından da önəmlidir.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev mobil ordu formalaşdırmağın zəruri olduğunu vurğuladı:
“Azərbaycanda ordu NATO standartlarına uyğun şəkildə təşkil edilir. Bizim həm hərbi-sənaye kompleksimiz, həm də ordu təminatımız NATO sisteminə uyğunlaşdırılır. Çevik və mobil ordu sistemi normal sistemdir. Ordunun azaldılmasının bu məsələyə aidiyyatı yoxdur. Dinc dövrdə, müharibə aktiv fazada olmayanda bunu mobil şəkildə, az sayda saxlamaq olar. Amma müharibə şəraitində onsuz da səfərbərlik olur və ehtiyatda olan şəxslər də orduya cəlb olunur. Zahid bəylə tamamilə razıyam və hesab edirəm ki, NATO standartlarına uyğun mobil və çevik ordu qurmaq lazımdır”.
Seymur Əliyev