“Onları tənqid etmirəm, abır-həyamı gözləyirəm, çünki böyük-kiçik bilmirlər”
“Efirdə səslənən mahnılar o vaxt Aztv-də bədii-şuradan keçirdilər. Fonoqramla bədii-şuraya getdi yox idi. Hər bəstəkar bir ifaçı ilə gəlib komissiyanın qarşısında çıxış edirdi. Komissiyanın üzvləri də görkəmli bəstəkarlar, sənətkarlar idi. Bəstəkar müğənnini canlı-canlı müşayiət edirdi, müğənni də ifa edirdi. Zəif mahnı olanda aranjman onu ört-basdır edir. Mahnını gərək aranjmansız ifa edib, müğənniyə göstərəsən. Əvvəllər bu tandem var idi, indi bu pozulub. İndi müğənni üçün pianoda ifa edirsən, deyir ki, bu mahnı mənə çatmadı. Sənə ona görə çatmır ki, çünki musiqi savadın yoxdur. Peşəkar aranjmançılarımız da çox azdır. Kim musiqi alətinin düymələrini basa bilirsə, özünə aranjmançı deyir”.
Bunu Moderator.az-a açıqlamasında bəstəkar, xalq artisti Eldar Mansurov deyib.

“Bir çox hallarda mən onları tənqid etmirəm, öz abır-həyamı gözləyirəm. Görürəm ki, böyük-kiçik bilmirlər. Tənqid edəndə də onları söyməmişəm, demişəm ki, bunu elə yox, belə etsən yaxşı olar. Görürəm ki, kəllə-kəlləyə gəlirlər. Baxıram da nələr baş verir də! Sənət yoxdur, sənət ölüb” deyə bəstəkar bildirib.
Eldar Mansurov sənətdə davamçılarının olmadığını bildirib.

“Ailədə nə övladlardan, nə də ki, nəvələrdən sənətimi davam etdirənlər yoxdur. Musiqi bu gün hörmətdən düşüb. Heç istəmərəm ki, sənətimi davam etdirsinlər. Mansurovlar nəslini sənət baxımından bu gün təmsil edən mən və qardaşım, tarzən Elxan Mansurovdur. Heç birimiz uşaqlarımızı bədbəxt etməyi özümüzə rəva bilmədik. Səsi olan da, olmayan da oxumaq istəyir. İstedadı olmayan hamı bəstəkar və şairdir. Kinolarımız da belədir, heykəllərimiz də. Sovet illərində qoyulan Nizaminin, Fizulinin heykəllərinə baxın, bir də baxın Koroğlunun, Fikrət Əmirovun, Qara Qarayevin, Müslüm Maqomayevin heykəlinə. Mən bəyənmirəm bu heykəlləri. Koroğlu elə bil qatırın üstündə oturub. Hər şey dəyişib” deyə sənətkar bildirib.
