
Polşanın “Hüquq və Ədalət” (PiS) partiyasının lideri Yaroslav Kaçinski Avropa İttifaqında (Aİ) köklü islahatların aparılmasını tələb edib.
Bizim.Media xəbər verir ki, o, birliyin böhranına görə Almaniyanın keçmiş kansleri Angela Merkeli və Polşanın Baş naziri Donald Tusku ittiham edib.
Kaçinskinin sözlərinə görə, Avropa İttifaqı siyasi elitaların yürütdüyü siyasət səbəbindən tənəzzül yaşayır. O bildirib ki, birlik siyasi rəhbərliyin deyil, sadə vətəndaşların maraqlarına xidmət etməlidir.
Partiya lideri enerji qiymətlərinin azaldılmasına, təhlükəsizliyin gücləndirilməsinə, miqrasiya siyasətinə daha məsuliyyətli yanaşılmasına və bürokratiyanın azaldılmasına çağırıb. Kaçinski, həmçinin Donald Tusku Avropa Şurasına rəhbərlik etdiyi dövrdə özünün də faydalandığı sistemi müdafiə etməkdə ittiham edib.
Donald Tusk isə rəqibinin açıqlamalarını Polşanın Avropa İttifaqından çıxmasına çağırış kimi qiymətləndirib.
“Yaroslav Kaçinski indicə bəyan etdi ki, Polşa Avropa İttifaqından çıxmaq şərtləri ilə bağlı danışıqlara başlamalıdır. Bu gün Polşada məhz belə bir seçim uğrunda mübarizə gedir. Bu, sərt mübarizədir. Hətta hamı mənim tərəfimdə olmasa belə, bu mübarizəni uduzmaq niyyətində deyiləm”, – deyə Tusk bildirib.
Bizim.Media