
Gənclər arasında "looksmaxxing" (xarici görünüşü nəyin bahasına olursa-olsun təkmilləşdirmək) submədəniyyətindən qaynaqlanan "bonesmashing" (sümüklərin sındırılması/əzilməsi) yenidən trend olub.
Bizim.Media “Mash” telegram kanalına istinadən xəbər verir ki, çənə və yanaq sümüklərini daha kəskin və sərt etmək xəyalı ilə üzlərinə çəkiclə zərbələr endirən 100-dən çox şəxs ağır xəsarətlərlə xəstəxanalara müraciət edib.
Əsasən 15-26 yaş arası gənclər arasında sürətlə yayılan bu təhlükəli üsula bəzən 45 yaşadək şəxslərin də əl atdığı bildirilir. Onlar inanırlar ki, sümüklərə endirilən zərbələr sümük toxumasının böyüməsinə və üz cizgilərinin daha diqqətçəkən olmasına şərait yaradır.
Lakin reallıqda bu eksperimentlər faciə ilə nəticələnir.
Məlumata görə, müraciət edənlərdən birində beyinə qan sızması qeydə alınıb, digərinin isə üzünün bir hissəsi tamamilə hissiyyatsızlaşıb. Həkimlər xəbərdarlıq edirlər ki, çəkiclə vurulan zərbələr sinirləri zədələyə, çənə və yanaq sümüklərini sındıra, gözlərə ağır xəsarət yetirə və mimiki əzələlərin funksiyasını tamamilə poza bilər.
Mütəxəssislərin sözlərinə görə, təkrar xəsarətlər fibroz prosesinə —toplayıcı toxumanın nəzarətsiz böyüməsinə gətirib çıxarır. Bu da üzdə bərk düyünlərin, çapıqların və qalıcı deformasiyaların yaranması ilə nəticələnir. Ağır hallarda xəstələr üçün mürəkkəb cərrahi əməliyyat zəruri olur və üzdəki hissiyyatın bərpası uzun illər ala bilər.