ABŞ İran ətrafında gərginliyin artması fonunda Yaxın Şərqdəki hərbi bazalarından şəxsi heyətin bir hissəsini çıxarmağa başlayıb.
Bizim.Media xəbər verir ki, NBC News-un məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, müvafiq əmrlər İordaniya, Qətər və Küveytdəki bazalarda xidmət edən amerikalı hərbçilərə şamil olunub.
Bazalarda yalnız təhlükəsizliyi və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini təmin etmək üçün zəruri olan azsaylı hərbi kontingent saxlanılır.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Timoti Hokins qoşunların yerdəyişməsinin döyüş hazırlığının qorunması məqsədilə müntəzəm həyata keçirildiyini bildirib. O, əməliyyat təhlükəsizliyini əsas gətirərək hərbçilərin hərəkəti ilə bağlı təfərrüatları açıqlamayıb.
NBC qeyd edir ki, qoşunların çıxarılması İranla gərginliyin artdığı, bölgədəki ABŞ bazalarına cavab zərbələri endiriləcəyi ilə bağlı təhdidlərin səsləndirildiyi və Qətər, Səudiyyə Ərəbistanı da daxil olmaqla, hava hücumundan müdafiə qüvvələrinin yerləşdirilməsində dəyişikliklərin baş verdiyi vaxta təsadüf edir.
Məlumata görə, ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri prezident Donald Trampa İrana zərbələr endirilməsi ilə bağlı variantlar təklif edirlər.
Bizim.Media