Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Shahed” tipli pilotsuz uçuş aparatlarına qarşı müdafiənin gücləndirilməsi üçün yeni tədbirlərin hazırlandığını bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, Ukraynada “Shahed”lərin məhv edilməsi üçün xüsusi qrupların fəaliyyətinin genişləndirilməsi və əlavə müdafiə vasitələrinin quraşdırılması planlaşdırılır.
“Biz müdafiə səviyyəsini hər gün artırırıq. Bu, həm xüsusi müdafiə qurğularına, həm də “Shahed”ləri məhv edən xüsusi qruplara aiddir. İstehsalçıların pilotsuz uçuş aparatlarını zərərsizləşdirən xüsusi vasitələri vaxtında tədarük edəcəyinə ümid edirik. Tapşırıqlar müəyyənləşdirilib və bunun üçün maliyyə ayrılıb”, – Zelenski deyib.
Ukrayna lideri həmçinin hava hücumundan müdafiə sistemləri və raketlərin alınması ilə bağlı yeni müqavilələrin hazırlandığını açıqlayıb. O, müqavilələrin detalları barədə hələlik məlumat verilmədiyini, lakin yaxın zamanda yeni qərarların açıqlana biləcəyini bildirib.
Zelenski tərəfdaş ölkələrdən Ukraynaya daha çox raket əleyhinə müdafiə vasitələri göndərilməsini istəyib. O qeyd edib ki, hazırda əsas məqsədlərdən biri ölkənin mühüm infrastruktur obyektlərini qorumaqdır.
Ukrayna Prezidenti həmçinin Rusiyanın hərbi eskalasiyanı davam etdirdiyini və danışıqlara keçmək niyyətində olmadığını bildirib.
Bizim.Media