ABŞ Nümayəndələr Palatasında demokratlar prezident Donald Tramp, onun biznes çevrəsi və onunla əlaqəli maliyyə strukturlarına qarşı genişmiqyaslı araşdırmalar aparmağa hazırlaşırlar.
Bizim.Media Reuters nəşrinə istinadən xəbər verir ki, bu barədə müzakirələrdən xəbərdar olan mənbələr məlumat yayıb.
Mənbələrin sözlərinə görə, demokratlar noyabr seçkilərindən sonra Nümayəndələr Palatasında çoxluğu əldə edəcəkləri təqdirdə çağırış vərəqələri, sənəd sorğuları və açıq dinləmələrdən istifadə etməyi planlaşdırırlar.
Araşdırmaların mümkün hədəfləri arasında Apple, Alphabet, Palantir, Blackstone, BlackRock və Tesla şirkətləri, həmçinin Tramp ailəsi ilə əlaqəli strukturların adı çəkilir.
Reuters qeyd edir ki, bu şirkətlərin hər hansı hüquq pozuntusunda ittiham olunduğuna dair məlumat yoxdur.
Demokratlar həmçinin dövlət müqavilələrini, Ağ Evdə yeni bal zalının tikintisinin maliyyələşdirilməsini, korporativ ianələri və administrasiya ilə onun tərəfdarları arasında mümkün maraq toqquşmalarını araşdırmaq niyyətindədirlər.
Bununla belə, demokratlar araşdırmalara impiçment proseduru ilə başlamağı planlaşdırmırlar. Onlar əvvəlcə sübut bazası toplamaq niyyətindədirlər. Araşdırmalar nəticəsində impiçment üçün əsas yaradan hüquq pozuntuları aşkarlanarsa, bu prosedurun başladılması istisna edilmir.
Hazırda Respublikaçılar Nümayəndələr Palatasında cüzi üstünlüyə malikdirlər. Demokratlar isə noyabrda keçiriləcək aralıq seçkilərdə palataya nəzarəti geri qaytarmaq şanslarının yüksək olduğunu düşünürlər.
Bizim.Media