ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də İrana qarşı həyata keçirilən yeni zərbə dalğasını başa çatdırıb. Komandanlıq bildirib ki, İranın Hörmüz boğazından keçən beynəlxalq gəmilərə hücum imkanlarını zəiflətmək məqsədilə dəqiq sursatlardan istifadə olunaraq ölkənin müxtəlif bölgələrində onlarla hədəf vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə CENTCOM-un bəyanatında bildirilib.
Qeyd olunub ki, əməliyyat zamanı ilk dəfə olaraq ABŞ-nin qırıcı təyyarələri, hərbi dəniz qüvvələrinin gəmiləri, dəniz dronlarından istifadə edilib.
Zərbələr nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, sahil radar məntəqələri, raket və dron imkanları, eləcə də kiçik qayıqlar hədəfə alınıb.
“Beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazı İranın nəzarətində deyil. ABŞ qüvvələri İranın davam edən əsassız təcavüzünə, təqiblərinə, təhdidlərinə və məsuliyyətsiz bəyanatlarına baxmayaraq, kommersiya gəmiçiliyi üçün naviqasiya azadlığını təmin etməyə hazırdır”, – deyə bəyanatda vurğulanıb.
“NourNews” agentliyinin məlumatına görə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi yeni hava zərbələri zamanı ölkənin 13 şəhəri hədəf alınıb. Zərbələr Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Məhşəhr, Behbəhan, Buşehr, Cask, Dezful, Qeşm, Sirik, Xondab, Xorrəmşəhr və Endimeşk şəhərlərinə endirilib.
Hava hücumları nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.
Bizim.Media