ABŞ-ın Türkiyəyə vəd etdiyi F35-lərin TEXNİKİ GÖSTƏRİCİLƏRİ – ARAŞDIRMA

Məlum olduğu kimi ABŞ Prezidenti Donald Trampın NATO sammitində Türkiyəyə qarşı sanksiyaların ləğv ediləcəyini və F-35 satışına yenidən baxılacağını açıqlaması beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib.

Çünki sözügedən məsələ ABŞ-Türkiyə münasibətlərində düyün nöqtəsi olmaqla yanaşı, Yaxın Şərqdə hərbi-siyasi situasiyaya birbaşa təsir imkanına malikdir.

Bəs, bütün dünyanın müzakirə etdiyi F-35 qırıcıları niyə bu qədər əhəmiyyətlidir?

Bizim.Media F-35-lərin yaranma tarixçəsi, xüsusiyyətləri və döyüş imkanları ilə bağlı araşdırma aparıb.

F-35 proqramı necə yarandı?

F-35 Lightning II ABŞ-ın XXI əsrin ən böyük hərbi layihələrindən biridir. Layihənin əsası 1990-cı illərin ortalarında Joint Strike Fighter (JSF) proqramı çərçivəsində qoyulub.

Məqsəd müxtəlif qoşun növləri üçün eyni platformadan istifadə etməklə həm xərcləri azaltmaq, həm də NATO ölkələrinin ortaq döyüş imkanlarını artırmaq idi.

2001-ci ildə “Lockheed Martin”in layihəsi qalib gəldi və sonradan F-35 Lightning II istehsal olunmağa başladı. Bu gün proqram tarixdə ən bahalı hərbi layihə hesab edilir. Ümumi proqramın dəyərinin 2 trilyon dollardan çox olduğu bildirilir.

Üç fərqli modifikasiya


F-35-lər fərqli döyüş tapşırıqları üçün hazırlanmış üç modifikasiyadan ibarətdir. Onlardan ən geniş yayılanı F-35A modelidir. Adi uçuş və eniş imkanlarına malik olan bu versiya hərbi hava qüvvələri üçün nəzərdə tutulub və Türkiyənin də əldə etmək istədiyi məhz bu modeldir.

F-35B isə daha fərqli imkanlara malikdir. O, qısa uçuş zolağından havaya qalxa, hətta şaquli şəkildə enə bilir. Bu xüsusiyyət təyyarəyə amfibiya hücum gəmiləri və məhdud infrastruktur şəraitində fəaliyyət imkanı yaradır.

Ailənin üçüncü üzvü olan F-35C isə ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun hazırlanıb. Daha böyük qanadları, artırılmış yanacaq ehtiyatı və aviadaşıyıcılara eniş üçün gücləndirilmiş konstruksiyası sayəsində uzunmüddətli dəniz əməliyyatlarında istifadə olunur.

F-35-i fərqləndirən təkcə sürəti deyil...

Müasir döyüş aviasiyasında artıq təkcə yüksək sürət və manevr qabiliyyəti üstünlük yaratmır. F-35 də məhz bu yanaşmanın məhsuludur. Təyyarə saatda təxminən 1930 kilometr sürətlə hərəkət edə və əlavə yanacaq doldurmadan min kilometrdən artıq döyüş radiusunda fəaliyyət göstərə bilir. Lakin onun əsas üstünlüyü texniki göstəricilərdən daha çox elektron sistemlərində gizlənir.


F-35-in gövdəsinə yerləşdirilən radarlar, infraqırmızı kameralar və digər sensorlar döyüş meydanında baş verənləri eyni anda izləyərək bütün məlumatları bir mərkəzdə birləşdirir. "Sensor Fusion" adlanan bu texnologiya sayəsində pilot ətrafdakı bütün təhlükələri və hədəfləri vahid informasiya mənzərəsi kimi görərək daha sürətli qərar qəbul edə bilir.

Təyyarədə quraşdırılmış AESA tipli müasir radar eyni anda çoxsaylı hava və yer hədəflərini izləyə, elektron müharibə sistemi isə düşmənin radar və rabitə vasitələrinin fəaliyyətini məhdudlaşdıra bilir. Bununla yanaşı, F-35 yüksək manevr qabiliyyətini qoruyaraq 9G-yə qədər yüklənmələr altında döyüş tapşırıqlarını yerinə yetirə bilir.

Qiyməti baha, istifadəçisi az...

Son istehsal partiyalarında F-35A modelinin alış qiyməti təxminən 110 milyon dollardır. Lakin bu rəqəm yalnız təyyarənin özünü əhatə edir. Silah sistemləri, ehtiyat hissələri, pilot hazırlığı, simulyatorlar, proqram təminatının yenilənməsi və texniki xidmət nəzərə alındıqda ümumi istismar xərcləri dəfələrlə artır.

Məhz buna görə ekspertlər F-35-i almaqla iş bitmir, eyni zamanda ən müasir logistika və rəqəmsal döyüş idarəetmə sistemlərinə inteqrasiya olmaq da vacibdir.

Son məlumatlara görə, F-35 qırıcıları ABŞ və 19 müttəfiq ölkənin hava donanmasında mövcuddur. Yaponiya, Avstraliya və İsrail istinsa olmaqla, digər F-35 sahibləri NATO ölkələridir.

"Görünməz" texnologiyası əslində nə deməkdir?

F-35 haqqında danışılarkən ən çox işlədilən ifadələrdən biri "görünməz təyyarə"dir. Bu isə “Stealth” texnologiyası ilə bağlıdır. Bu texnologiya təbii ki, sözün əsl mənasında təyyarəni görünməz etmir. Onun məqsədi radarların F-35-i mümkün qədər gec aşkar etməsinə nail olmaqdır.


Bunun üçün təyyarənin gövdəsi xüsusi həndəsi quruluşa malikdir və radar dalğalarını fərqli istiqamətlərə yayaraq geri qayıdan siqnalı minimuma endirir. Radaruducu xüsusi örtük, daxili silah bölmələri və mühərrikin istilik izinin azaldılması da bu prosesə xidmət edir. Elektron müharibə sistemləri isə düşmənin radarlarının işləməsini çətinləşdirərək F-35-in döyüş meydanında sağqalma ehtimalını artırır.

Məhz bu xüsusiyyətlər sayəsində F-35 hədəfə daha yaxın məsafəyə qədər aşkarlanmadan yaxınlaşa və zərbə endirmək üstünlüyü əldə edə bilir.

F-35-in digər qırıcılardan əsas fərqi

Ənənəvi qırıcılar əsasən hədəfi məhv etmək üçün yaradılıb. F-35 isə bundan daha geniş funksiyalara malikdir. O, digər təyyarələr, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və komanda mərkəzləri ilə real vaxt rejimində məlumat mübadiləsi apararaq bütöv döyüş şəbəkəsinin bir hissəsinə çevrilir.

Bu səbəbdən hərbi çevrələrdə F-35-i "uçan komanda-idarəetmə mərkəzi" adlandırırlar. F-35 sadəcə döyüşmür, həm də topladığı məlumatlarla digər platformaların fəaliyyətinin daha effektiv təşkilinə kömək edir.

“Görünməz” qırıcı Türkiyəyə verilərsə...

Ankaranın yenidən F-35 proqramına qoşulması Türkiyə Hərbi Hava Qüvvələrinin imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldə bilər. Bu, ölkənin NATO daxilində beşinci nəsil aviasiya imkanlarını genişləndirəcək, Aralıq dənizi, Egey hövzəsi, Qara dəniz və Yaxın Şərqdə hava üstünlüyünü əhəmiyyətli dərəcədə artıracaq.


Bundan əlavə, F-35 Türkiyənin son illərdə sürətlə inkişaf etdirdiyi pilotsuz uçuş aparatları, erkən xəbərdarlıq sistemləri və milli KAAN qırıcı proqramı ilə vahid döyüş şəbəkəsi yaratmasına da şərait yarada bilər. Bu isə Ankaraya güclü aviasiya, həm də rəqəmsal döyüş idarəetmə üstünlüyü qazandıra bilər.

F-35-lər üçün S-400 əngəli

Xatırladaq ki, 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 Triumf zenit-raket komplekslərini alması Ankara ilə Vaşinqton arasında ciddi fikir ayrılığına səbəb oldu. ABŞ administrasiyası bəyan etdi ki, S-400 sistemlərinin NATO-nun beşinci nəsil qırıcısı olan F-35 Lightning II ilə eyni ölkədə istismarı təyyarənin məxfi texnologiyalarının, xüsusilə də radar görünməzliyi və elektron sistemləri ilə bağlı məlumatların Rusiya tərəfindən öyrənilməsi riskini yaradır.

Bu əsasla Vaşinqton Türkiyəni F-35 proqramından çıxardı, Ankara üçün istehsal edilmiş təyyarələrin təhvilini dayandırdı və daha sonra CAATSA çərçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi.

Ankara isə ABŞ-ın qərarını siyasi motivli və ədalətsiz hesab edir.

Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, S-400 sistemləri NATO infrastrukturuna inteqrasiya edilməyəcək və F-35 üçün təhlükə yaratmayacaq. Rəsmi Ankara Vaşinqtona texniki işçi qrupu yaradaraq risklərin birgə qiymətləndirilməsini təklif etsə də, bu təklif qəbul olunmadı. Türkiyə həmçinin F-35 proqramına milyardlarla dollar sərmayə qoyduğunu, təyyarənin istehsal zəncirində yüzlərlə detal istehsal etdiyini və proqramdan çıxarılmasının həm maliyyə, həm də hüquqi baxımdan ədalətli olmadığını bildirərək qərarın yenidən nəzərdən keçirilməsini tələb edib.

Göründüyü kimi, əgər Türkiyə yenidən F-35 proqramına qayıda bilsə, bu, sadəcə yeni döyüş təyyarələrinin alınması ilə məhdudlaşmayacaq. Bu addım ölkənin hava qüvvələrinin texnoloji səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə, NATO daxilində rolunu gücləndirə və regionun hərbi balansına təsir göstərə bilər. Bununla yanaşı, prosesin yekun nəticəsi Vaşinqton və Ankara arasında siyasi etimadın hansı səviyyədə bərpa olunacağından asılı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİR - VİDEO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİR - VİDEO

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Ərdoğan da Bişkekdədir

Ərdoğan da Bişkekdədir

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Putin də Qırğızıstanda səfərdədir – VİDEO

Putin də Qırğızıstanda səfərdədir – VİDEO

Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto

Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto

Bu şəxslər pullarını geri ala biləcək - Yenilik

Bu şəxslər pullarını geri ala biləcək - Yenilik

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

Atasını ağacla döyərək qətlə yetirdi – Gədəbəydə 34 il əvvəlki cinayətin ÜSTÜ AÇILDI

Atasını ağacla döyərək qətlə yetirdi – Gədəbəydə 34 il əvvəlki cinayətin ÜSTÜ AÇILDI

Naxçıvanda yaşayış binasında yanğın – VİDEO

Naxçıvanda yaşayış binasında yanğın – VİDEO

İt yanğını hiss edib sahiblərini oyatdı – FOTO

İt yanğını hiss edib sahiblərini oyatdı – FOTO

146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

İdmançılarımız beynəlxalq turnirdə altı medal qazandılar – FOTO

İdmançılarımız beynəlxalq turnirdə altı medal qazandılar – FOTO

End of content

No more pages to load

RADİO