"Əgər Ermənistan Respublikası vətəndaşları arasında bizim kursumuzla razılaşmayanlar varsa, sizə çağırış edirəm: elə bu gündən küçələrə çıxın, ölkədə inqilab edin və hökuməti dəyişin, çünki əks halda bu prosesi dayandırmaq qeyri-mümkündür".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 17-də parlamentdəki sual-cavab sessiyası zamanı "Mülki Müqavilə" fraksiyasının deputatı Şirak Torosyanın sualını cavablandırarkən deyib.
Baş nazir keçmiş seçkilərdə müxalifət qüvvələri tərəfindən külli miqdarda seçici rüşvətinin paylandığını etiraf edib, lakin dövlət institutlarının ilk dəfə buna güclü müqavimət göstərdiyini bildirib. "Siyasi həyatdan seçki rüşvəti paylayanların kökünün kəsilməsi gündəmimizin prioritetinə çevrilir və biz bütün mümkün vasitələrlə onların kökünü bir-bir qoparacağıq", - deyə Paşinyan 2021-ci ildən bəri seçici rüşvəti işi üzrə heç bir fiqurantın hələ də həbsxanada cəza çəkməməsinə hiddətini ifadə edib.
Regional təhlükəsizlik risklərinə toxunan Paşinyan rəsmi olaraq əmin edib ki, Ermənistan bütün xarici risklərə tam nəzarət edir və onları neytrallaşdırır. Onun fikrincə, bu gün dövlət üçün yeganə təhlükə mənbəyi ölkə daxilindəki revanşist qüvvələrin və onların peyklərinin fəaliyyətidir. Paşinyan izah edib ki, sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı Alma-Ata Bəyannaməsinin möhkəm təməli üzərində qurulub. Lakin parlamentdəki müxalif fraksiyalar öz şüarları, simvolları və 29 743 kvadratkilometrlik ərazi ilə məhdudlaşmaq istəməmələri ilə faktiki olaraq qonşulara müharibə elan edir və bütün qonşuların Ermənistana qarşı konsolidasiyasına rəvac verirlər.
Hökumət başçısı müxalifət şəbəkəsini birbaşa xarici mərkəzlərə işləyən "faktiki və hüquqi casus şəbəkəsi" adlandırıb və dövlət tərəfindən hər hansı bir güzəştin olmayacağını istisna edib: "Bu təhlükələrin konkret adları var — Robert Köçəryan, Kaluqa oliqarxı və belarusmeylli oliqarx. Onlar öz yuvalarında darmadağın edilməlidirlər".
Paşinyan baş nazir postunu tutduğu müddətdə bu qüvvələri, eləcə də onların bütün metastazlarını və qollarını nöqtəli şəkildə məhv etməyə davam edəcəyinə söz verib. Çıxışının sonunda o bəyan edib ki, əgər cəmiyyət revanşistlərin tamamilə darmadağın edilməsi ilə razı deyilsə, icraedici hakimiyyəti dəyişmək üçün küçə amilindən istifadə etmək hüququna malikdir, çünki hökumət erməni uşaqlarının gələcəyinin qorunması məsələsində heç bir güzəştə yol verməyəcək.
Bizim.Media